Ağdamın Baş Qərvənd kəndində 1245 ev tikiləcək
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə əhalinin köçü təmin edilib.
“TV1” xəbər verir ki, hazırda Ağdam şəhəri ilə yanaşı, rayonun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinin tikintisi həyata keçirilir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Pərviz İmranoğlu bildirib ki, Baş Qərvənd kəndi, ümumilikdə, 479 hektardan artıq ərazi üzrə layihələndirilib. Kənddə 1245 fərdi yaşayış evi tikiləcək. 840 və 430 şagird yerlik tam orta məktəb binalarının, ikisi 100, ikisi isə 120 yerlik olmaqla, 4 uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və digər infrastruktur obyektlərinin və xidmət sahələrinin inşası nəzərdə tutulur.
Kəndin tikintisi iki mərhələdə həyata keçirilir. Birinci mərhələ üzrə 202 hektar ərazidə söküntü və şaquli planlaşdırma işləri başa çatdırılıb. Bu mərhələdə layihələndirilən ərazidə 851 evin tikintisi aparılır. Onların 170-si ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.








