Akademik Rasim Əliquliyev: “Süni intellekt çağırışları mövcud insan hüquqları normalarının yenidən işlənilməsini zəruri edir
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində “Virtual məkanda insan hüquqları: qlobal çağırışlar, konseptual baxışlar və perspektivlər” adlı məruzə ilə çıxış edib.
“TV1” xəbər verir ki, alim insan hüquqlarının müdafiəsi sahəsində ən mühüm beynəlxalq sənədlərdən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1948-ci ildə – rəqəmsal reallıqlar və süni intellekt texnologiyalarının mövcud olmadığı bir vaxtda qəbul edildiyini, həmin dövrdə cəmiyyətin əsasən ənənəvi sosial münasibətlər sistemi üzərində qurulduğunu deyib.
Akademikin sözlərinə görə, rəqəmsallaşma proseslərinin və süni intellekt texnologiyalarının sürətlə inkişafı insan hüquqlarının qorunması sahəsində yeni reallıqlar və problemlər yaratmaqdadır.
Ölkəmizdə rəqəmsal platformada insan hüquqlarının təmin olunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışan akademik Rasim Əliquliyev bildirib ki, Azərbaycanda rəqəmsallaşma siyasətinin əsası 2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya ilə qoyulmuşdur. Daha sonra fərdi məlumatlar və informasiya əldə etmək haqqında qanunlar, son dövrlərdə süni intellekt strategiyası, uşaqların zərərli informasiyadan qorunması, müvafiq dövlət qurumlarının yaradılması və s. ilə bağlı qəbul edilən mühüm strateji qərarlar rəqəmsal platformada insan hüquqlarının təmin olunması məsələsini daha da aktuallaşdırmışdır.
Alim inklüziv süni intellekt texnologiyaları və insan hüquqları məsələlərinə diqqəti çəkərək qeyd edib ki, tarixən cəmiyyətdə müxtəlif sosial qruplar, xüsusilə fiziki məhdudiyyətli insanlar və digər həssas qrupa aid şəxslər təhsil almaq, işləmək, dövlət idarəçiliyində və ictimai-siyasi proseslərdə iştirak baxımından müəyyən çətinliklərlə üzləşiblər: “Bu gün isə süni intellekt əsaslı həllərin bütün sferalarda geniş tətbiqi insan hüquqlarının qorunması və əmək bazarının qloballaşması baxımından yeni imkanlar yaradır, hər bir fərdin qlobal informasiya məkanına inteqrasiyasına, cəmiyyətə daha böyük töhfələr verməsinə və nəticədə inklüzivliyin təmin olunmasına əhəmiyyətli dəstək verir”.
Sonra AMEA-nın vitse-prezidenti generativ süni intellektin elm və təhsil sahəsinə neqativ təsirlərindən danışıb. Akademik elmi yaradıcılıq prosesinin simulyasiyası və plagiatlıq fəaliyyəti, generativ süni intellekt robotlarının insanlara məxsus əqli mülkiyyət resurslarından qeyri-qanuni istifadəsi problemlərinə toxunub. Bu çağırışların elm və təhsilin qarşısında ciddi problemlər yaratdığını deyən alim, hazırda dünya miqyasında bu istiqamətdə yeni konseptual yanaşmaların, elmi-metodoloji əsasların işlənilməsinin zərurətə çevrildiyini vurğulayıb. Bu kimi ağıllı texnologiyalardan geniş istifadənin plagiat və orijinallıq məsələlərini daha da aktuallaşdırdığını, insan hüquqları kontekstində ciddi müzakirə predmetinə çevrildiyini vurğulayıb.
Akademik Rasim Əliquliyev ETN İnformasiya Texnologiyaları İnstitutunda insan hüquqlarının pozulmasına yönəlmiş kibertəhlükələrlə mübarizə üçün süni intellektə əsaslanan yeni texnologiyaların işlənilməsi sahəsində tədqiqatların aparıldığını, müəyyən elmi nəticələrin əldə olunduğunu deyib. Qeyd edib ki, bu tədqiqatlara uşaqların İnternet mühitində təhlükəsizliyinin təmin olunması, informasiyanın əlçatanlığına qarşı yönəlmiş kiberhücumların, həmçinin insanların biometrik məlumatlarının saxtalaşdırılması hallarının qarşısının alınması, ayrı-ayrı şəxslərin şərəf və ləyaqətinə qarşı dezinformasiyaların aşkarlanması üçün intellektual metodların işlənilməsi və digər araşdırmalar daxildir. Baş direktor institutda bu istiqamətdə aparılan bütün tədqiqatların əsas məqsədinin insan hüquqlarının rəqəmsal mühitdə etibarlı şəkildə təmin olunmasına yönəlmiş elmi yanaşmaların və innovasiyaların işlənilməsindən ibarət olduğunu söyləyib.
AMEA-nın vitse-prezidenti çıxışı zamanı beynəlxalq səviyyədə süni intellektin hüquqi və etik tənzimlənməsi ilə bağlı məsələlərə də toxunub. Müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilən süni intellektlə bağlı qanunvericilik və tənzimləmə mexanizmləri, BMT-nin süni intellektin təhlükəsizliyi sahəsində irəli sürdüyü təşəbbüslər, yeni çağrışlar və risklər barədə fikir və mülahizələrini bölüşüb. Alim həmçinin Avropa İttifaqında fərdi məlumatların qorunması, şəxsi həyatın toxunulmazlığı, süni intellekt sistemlərinin yaradılması və istifadəsinin hüquqi-etik tənzimlənməsi istiqamətində qəbul edilmiş bir sıra baza sənədlərin formalaşdırıldığını diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev çıxışının sonunda bildirib ki, süni intellektin sürətli inkişafı və yeni rəqəmsal reallıqlar kontekstində coğrafi və virtual məkanda mövcud olan, həmçinin ağıllı qurğular və sistemlərin yaratmaqda olduğu cəmiyyətlərin konvergensiyası, yəni qarşılıqlı çulğalaşması insan hüquqlarının təmin olunması üçün mövcud norma və mexanizmlərin yenidən nəzərdən keçirilməsini, müasir və yaxın gələcəkdə bəşəriyyətin maraqlarına cavab verən əsaslandırılmış konseptual yanaşmaların işlənilməsini zəruri edir.








