Avstriyada şəhər meri GÜLLƏLƏNİB - Polis silahlı şəxsi axtarır
Almaniya ilə sərhəddə yerləşən Avstriyanın Kirxberq-obder-Donau şəhərində şəhər meri güllələnib, polis silahlı şəxsi axtarır.
“TV1” “BİLD” nəşrinə istinadən xəbər verir ki, yerli medianın yaydığı məlumatlara görə, silahlı şəxs şəhərin meri Frans Xoferi və digər bir nəfəri güllələyib.
Qeyd olunur ki, polis orqanları baş verən hadisə ilə bağlı 56 yaşlı yerli sakin Roland Drekslerin fotosunu yayıb. Açıqlanan rəsmi məlumatlara görə, silahlı insidentdə R.Dreksler əsas şübhəli hesab olunur.
“BİLD” nəşri yazır ki, merin ölümünə səbəb bölgədə ovçuluqla əlaqədar yaranmış konfliktlərdir.
Yaranmış təhlükəni nəzərə alaraq, polis bəzi məmurları qorumağı qərara alıb və onlar mühafizəçilərlə təmin olunublar.
Qeyd edək ki, yaranmış situasiya ilə bağlı şəhərdə təhlükəsizliyi təmin etmək üçün polis gücləndirilmiş iş rejimində çalışır. Hazırda hüquq-mühafizə orqanları tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Açıqlanan son məlumatlarda axtarılan şəxsin hələ də silahlı olduğu bildirilir. R.Drekslerin axtarışına xüsusi təyinatlılar cəlb olunub. Baş verən proseslər fonunda isə panikaya düşən şəhər sakinləri küçələrə çıxmağa ehtiyat edirlər.
Xatırladaq ki, F.Xofer 16 il mer postunda çalışıb.