AZAl-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Bir il əvvəl 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
“TV1” xatırladır ki, pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib.
Təyyarənin göyərtəsində ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb. 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da 14 yaralı və 4 nəfərin nəşi Azərbaycana gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.Təyyarənin göyərtəsində olan 62 sərnişinin 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3 nəfər isə Qırğızıstan vətəndaşı olub. Aktauda qəza yerinə ilk olaraq Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
25 dekabr 2024-cü il Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşmüş Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə yola düşüb. Təyyarə qəzası ilə bağlı bütün məsələlər ilk gündən dövlət başçısının xüsusi nəzarətində olub. Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb. Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı Rusiya, Azərbaycan və Qazaxıstanın istintaq orqanlarında ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır.
Prezident İlham Əliyev sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Dövlət başçısının sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub. V.Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə baş vermiş faciəvi hadisə ilə əlaqədar üzrxahlığını ifadə edib və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. AZAL-a məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin və sərnişinlərin xatirəsi əbədiləşdirilib.
Azərbaycan alpinistləri təyyarə qəzasında həlak olan qəhrəmanların adları yazılan anım lövhəsini “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisində quraşdırıblar. Qeyd edək ki, Azərbaycan Hava Yolları” QSC-nin ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb.
Mətanət Əliyeva








