Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ - VİDEO
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasındakı münasibətlərdə yeni mərhələdir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Azərbaycana səfərini də xatırlatsaq, 27 ölkəni birləşdirən Aİ ilə ölkəmiz arasındakı münasibətlərin hazırki dinamikasında yeni bir səhifənin açıldığını deyə bilərik. Qısa bir zaman kəsiyində Avropa İttifaqı rəsmilərinin Azərbaycana ardıcıl səfəri təsadüf sayıla bilməz.
Bu gün Azərbaycanın Avropa ilə əməkdaşlığı yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda, nəqliyyat, logistika, rəqəmsal infrastruktur, yaşıl enerji, regional təhlükəsizlik və iqtisadi əlaqələri də əhatə edir. Azərbaycan Avropa üçün bu gün yalnız enerji təchizatçısı kimi qəbul edilmir. Ölkəmiz Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat qarşılıqlı əlaqənin yeni arxitekturasında mühüm elementə çevrilir. Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlıq yaxın illərdə təkcə enerji ilə deyil, həm də Avrasiya üçün yeni geoiqtisadi arxitekturanın birgə formalaşması ilə müəyyən ediləcək.
2022-ci ildən sonra Avropa İttifaqı öz enerji təhlükəsizliyini təmin etmək üzrə mövqeyini yenidən və kökündən nəzərdən keçirmək zərurəti ilə qarşılaşdı. Rusiya qazının tədarükünün azalması alternativ enerji mənbələri axtarışını sürətləndirdi. Məhz həmin dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti kəskin şəkildə artdı. 2022-ci ildə Aİ Rusiya qazına görə çətin vəziyyətə düşəndə Azərbaycana müraciət etdi və Bakı o vaxtdan bu günə Aİ-yə qaz ixracını 65 faiz artırıb. Ötən müddət ərzində Azərbaycan bütün öhdəlikləri vaxtında və tam həcmdə yerinə yetirib.
Hazırda Azərbaycan 15-dən artıq ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə 10 milyard kubmetrdən artıq təbii qaz ixrac edir. Bu rəqəm artmaqda davam edir. Aİ-nin Cənubi Qafqazla ticarət dövriyyəsinin 70 faizi Azərbaycanın payına düşür. Həmçinin, Aİ ilə Azərbaycan arasında enerji dialoqu yaşıl enerji koridoru üzrə də inkişaf edir. Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin potensialının birləşməsi mühüm rol oynayır. Yeni energetika modeli yaranır ki, bu da Azərbaycanı təkcə qaz təchizatçısı deyil, həm də Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi üçün əsas tranzit mərkəzinə çevirə bilər.
Vurğulamaq yerinə düşər ki, bu gün Orta Dəhlizin də əhəmiyyəti xüsusilə artmaqdadır. Avropanın bu Dəhlizə marağı artdıqca, Azərbaycan Avropa, Cənubi Qafqaz, Xəzər regionu və Mərkəzi Asiyanı birləşdirən marşrutda mərkəzi qovşağa çevrilir.
Bundan başqa, Avropa İttifaqı sülh prosesinə tədricən təkcə siyasi və ya humanitar nöqteyi-nəzərdən baxmır. Bu gün sülh böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün ilkin şərtə çevrilir. Nəqliyyat marşrutları, enerji şəbəkələri, rəqəmsal rabitə və beynəlxalq ticarət sabit regional mühitin olmasını tələb edir. Məhz bu baxımdan, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması regionda böyük layihələrin reallaşdırılmasında xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın çoxvektorlu siyasəti bu gün ölkəmizin müxtəlif qlobal güc mərkəzləri ilə eyni vaxtda uğurlu münasibətlər qurmasına imkan verir. Avropa İttifaqı ilə strateji tərəfdaşlıq ABŞ, Mərkəzi Asiya dövlətləri, Çin və digər beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlıqla paralel inkişaf edir. Belə bir model ölkənin xarici siyasət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Azərbaycanın çox kritik regionda coğrafiyanı və özünün üstün infrastruktur imkanlarını birləşdirən, regional sabitliyi təmin edən güclü dövlət olduğu Aİ tərəfindən qəbul olunur. Avropa İttifaqının rəhbərliyi artıq Azərbaycana yalnız enerji tərəfdaşı yox, geosiyasi gücü və önəmi olan dövlət kimi yanaşır. Avropa İttifaqı ilə strateji xarakter daşıyan əlaqələrin bugünkü səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin uğurlu nəticəsidir.
Mətanət Əliyeva








