Azərbaycanlı bəstəkarın "Qarabağ simfonik poema"sı Almaniyada keçirilən beynəlxalq SƏRGİDƏ - FOTO
Oktyabrın 16-da Almaniya Federativ Respublikasında “Oxu. Düşün. Əlaqələndir” devizi ilə keçirilən 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu il də xüsusi stendlə təmsil olunur.
Sərgi barədə “TV1”-ə özəl açıqlamasında Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalova məlumat verib.
O bildirib ki, sərgidə 95 ölkədən 4000 iştirakçı bir araya gəlib.
X.Zeynalova bildirib ki, o, “Qarabağ simfonik poema” əsəri ilə beynəlxalq səgidə təmsil olunur.
Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət Azərbaycan nümayəndə heyəti sərgidə iştirak edir. Yenilənmiş dizayna malik milli stenddə ölkəmizin mədəniyyətinə, tarixinə aid 125 adda 230 nüsxə kitab ziyarətçilərə təqdim olunur.
Qeyd edək ki, əsər böyük tərkibli simfonik orkestr üçün yazılıb. “Qarabağ simfonik poema”sə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ilin sonunda nəşr olunub.
Xatırladaq ki, X.Zeynalova hazırda Almaniyada yaşayır və bəstəkar kimi fəaliyyət göstərir.