Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə artıb

media-ads_728_90

Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 1 milyard 905,1 milyon kub-metr qaz nəql edilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, bu, 2025-ci ilin eyni ayındakı göstərici ilə müqayisədə 253,6 milyon kub-metr və ya 15,4% çoxdur.

Ümumilikdə, hesabat ayında magistral qaz kəmərləri ilə 3 milyard 979,4 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin yanvar ayına nisbətən 11,7 faiz artım müşahidə olunub. Qazın nəqlinin 47,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

media-ads_728_90
Paylaş