“Bakı-Xankəndi” beynəlxalq veloyürüş Xankəndidə yekunlaşıb

media-ads_728_90

Mayın 14-də Bakı–Xankəndi Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb. Yarışın son mərhələsindən sonra Xankəndi şəhərində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, mükafatlandırma mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qalibləri təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Yarışın sonuncu – V mərhələsində finiş xəttinə İspaniyanın “Burqos” komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett birinci çatıb. O, Tərtərdən Xankəndiyə qədər 181,5 kilometr məsafəni ən qısa vaxtda qət edərək mərhələnin qalibi olub.

İlk mərhələdə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələlərdə isə Qazaxıstanın “XDS Astana” komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa birinci yeri tutublar. İtaliyanın “Bardiani” komandasının üzvü Marko Manenti IV etapın qalibi olub. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb.

Yarışın yekunu Xankəndidə xüsusi coşqu və bayram əhval-ruhiyyəsi ilə yadda qalıb. Şəhərdə təşkil olunan möhtəşəm qarşılanma mərasimində sakinlər böyük izdihamla iştirakçıları salamlayıblar. Xankəndi küçələrində səslənən alqışlar, milli ruhlu çıxışlar və musiqi proqramı tədbirə əlavə rəng qatıb. Səhnədə təqdim olunan musiqi nömrələri həm sakinlərdə, həm də qonaqlarda yüksək əhval-ruhiyyə, bayram ab-havası yaradıb.

Bu möhtəşəm qarşılanma mərasimi bir daha göstərib ki, Xankəndi bu gün həyatın, sevincin və birliyin ünvanıdır. İdman tədbiri təkcə yarış deyil, həm də dostluq, həmrəylik və ölkənin inkişaf yolunu əks etdirən mühüm bir platformaya çevrilib.

media-ads_728_90
Paylaş