Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib - YENİLƏNİB
Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
“TV1” xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə cüdonun inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev bildirib ki, bu gün dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaq böyük şərəfdir. Onun sözlərinə görə, cüdo yalnız tatami üzərindəki mübarizə deyil, həmçinin özünənizam, cəsarət və dostluq fəlsəfəsidir. Federasiya rəhbəri söyləyib ki, illər əvvəl ölkəmiz cüdo vasitəsilə həyat tərzini zənginləşdirmək, gənclər arasında həm fiziki, həm də mənəvi cəhətdən sağlam və güclü nəsil yetişdirmək arzusu ilə böyük bir yola çıxdı: “Bu gün həmin arzuların reallığa çevrildiyini, ölkəmizdə idmana, xüsusən də bütün bu nailiyyətlərin təməli olan cüdonun inkişafına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu görmək sonsuz qürur mənbəyidir. Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi daimi dəstək sayəsində ölkəmiz bu gün böyük dünya yarışlarına ev sahibliyi edən, qonaqpərvərliyi və təşkilatçılıq təcrübəsi ilə tanınan möhtəşəm idman mərkəzinə çevrilib. Bu uğur hekayəsinin vacib bir hissəsi də beynəlxalq əməkdaşlıqdır. Bakıya növbəti dəfə dünya çempionatına ev sahibliyi etmək etimadını göstərdiyinə görə Beynəlxalq Cüdo Federasiyasına və şəxsən cənab Marius Vizerə dərin təşəkkürümüzü bildiririk. İllər ərzində formalaşmış sıx tərəfdaşlığımız, qarşılıqlı inamımız və birgə layihələrimiz cüdonun yalnız bir idman növü kimi deyil, həm də cəmiyyət tərəfindən mənimsənilən bir həyat fəlsəfəsi kimi inkişafına əvəzsiz töhfə verib”.
R.Nəbiyevin sözlərinə görə, əsas məqsəd odur ki, cüdo zalına qədəm qoyan hər bir uşaq yalnız gələcəyin çempionu deyil, ilk növbədə cəmiyyətimizin ləyaqətli vətəndaşına çevrilsin: “Bu fəlsəfə dövlətimizin gənclər və idman siyasətinin təməlində dayanır. Əziz idmançılar və məşqçilər, önümüzdəki günlərdə siz yalnız çempionluq titulu uğrunda deyil, həm də cüdonun aliliyini və nəcibliyini nümayiş etdirmək üçün mübarizə aparacaqsınız. Sizin hər birinizə ədalətli mübarizə, yüksək idman ruhu və Bakıda unudulmaz anlar arzulayıram”.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bütün idman növlərinə və tədbirlərinə, xüsusən bu dünya çempionatına göstərdiyi davamlı və dəyərli dəstəyə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edib: “Bütün Olimpiya ailəsini əldə olunan böyük uğurlara və yüksəksəviyyəli tədbirlərin təşkilinə görə təbrik edirəm. Qoy, cüdo bu gün ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun. Bütün qonaqlarımıza, azarkeşlərimizə, cüdo ailəsinə və idman ailəsinə minnətdaram”.
Sonra M.Vizer dünya çempionatını açıq elan edib. Açılış mərasiminin rəsmi hissəsindən sonra tədbir bədii proqramla davam edib. Mərasimdə Azərbaycanın zəngin mədəni irsini və qədim ənənələrini tərənnüm edən bədii kompozisiyalar nümayiş olunub.
Sonra Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının Himni səsləndirilib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.
Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edir.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.
xxx
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi başlayıb.
“TV1” xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında keçirilir.
Qeyd edək ki, ötən gün start götürən cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.
Hələlik yığmamızın aktivində bir medal var. Yarışın ilk günündə mübarizəyə qoşulan Əhməd Yusifov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.








