Böyük Britaniyada nüvə qayıqları hazırlanan zavodda yanğın olub
Böyük Britaniyada nüvə sualtı qayıqların hazırlandığı BAE Systems gəmiqayırma zavodunda yanğın baş verib. İki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
“TV1” xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, yanğın Barrou-in-Furness şəhərində baş verib.
Yanğının səbəbi hələ ki, məlum deyil. Polisin sözlərinə görə, radiasiya sızması və nüvə təhlükəsi yoxdur. Hər ehtimala qarşı yerli sakinlərə evdə qalmaq, qapı və pəncərələri bağlamaq tövsiyə olunub.
Yanğının baş verdiyi istehsalat müəssisəsi Avropada ikinci ən böyük qapalı gəmiqayırma kompleksidir. Məhz bu zavodda Trident nüvə proqramı çərçivəsində dörd Venguard sinifinə aid olan sualtı qayıq inşa edilmişdi.
Gəmiqayırma kompleksində hazırda Venguardları əvəz etmək üçün dörd yeni Dreadnought sinifli nüvə sualtı qayıqları inşa edilir.