media-1200x100

Braziliyada “qara qutular”ın oxunması azərbaycanlı mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək

media-ads_728_90

Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin “qara qutular”ı Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.

“TV1” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, xüsusilə vurğulanmalıdır ki, CENIPA-da “qara qutular”ın çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək.

Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcək. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.

Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.

Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.

media-ads_728_90
Paylaş