Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın doğum günüdür
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən görkəmli şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
“TV1” xəbər verir ki, bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, görkəmli şair, öz ölməz misraları ilə bütövlükdə Türk dünyasının ünlü sənətkarına çevrilmiş Əhməd Cavadın anadan olmasından 134 il ötür.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əhməd Cavadın 130 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Əhməd Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlayıb. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olub. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı.
1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilib, təqiblərə məruz qaib.
Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Onunla bağlı istintaq prosesi sentyabrın 25-də başa çatır. Ə.Cavadın oktyabrın 12-də qapalı keçirilən məhkəməsi 15 dəqiqə davam edir. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad oktyabrın 12-dən 13-nə keçən gecə güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın “Şeirlər”, 1961-ci ildə “Sən ağlama, mən ağlaram” kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər – 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Uilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, 1978-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri işıq üzü görür.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Dövlət Himnimizin müəllifi Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.








