Anar Quliyev: Damüstü günəş enerjisi sisteminin quraşdırılması təsdiq edilib
Qlobal istiləşmənin yaratdığı iqlim böhranında dayanıqlı tikinti daha çox önəm daşıyır.
“TV1” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti rəhbərlərinin dəyirmi masa müzakirəsində çıxışı zamanı deyib.
“COP29-a sədrlik etməklə, Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli olduğunu sübut edir. Tikinti sənayesində rəqəmsallaşdırma və ətraf mühitin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçiririk. Qısa müddət ərzində damüstü günəş enerjisi sisteminin quraşdırılması təsdiq edildi. Azad edilən ərazilərdə “yaşıl” enerji zonası yaradılması ilə bağlı tədbirlər icra edilir”, – deyə o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.