Daşqınlardan zərərçəkənlərlə görüşə gedən İspaniya kralının üstünə palçıq atıldı - FOTO/VİDEO
İspaniya kralı VI Felipe güclü yağışlardan zərər çəkmiş Valensiya bölgəsinə baş çəkərkən qəzəbli yerli sakinlərin etirazı ilə qarşılaşıb. Sakinlər kralın üzərinə zibil və palçıq atıblar.
“TV1” “BBC”-yə istinadən xəbər verir ki, baş verənlərlə bağlı yayılan görüntülərdə kralın cangüdənlərinin onu izdihamdan çətirlə qorumağa çalışdıqları, jurnalistlərin isə etirazçıların “palçıq atəşi” altında qaldıqları görünür.
Qeyd edək ki, kralın xanımı Letisiya və qızı ilə Payport şəhərinə səfəri zamanı iğtişaşlar baş verib. Payport şəhərinin sakinləri ilə görüşdə vətəndaşlar krala palçıq və zibil atıblar. Bu səbəbdən kral və ailəsi səfəri yarımçıq qoyaraq geri qayıdıblar. İğtişaşlar zamanı kralın cangüdənləri müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yerli sakinlər İspaniya hakimiyyətinin daşqınlar səbəbindən yaranmış fəlakətlə mübarizə üsulundan narazıdırlar.
Ölkənin şərqində 217 insan təbii fəlakət nəticəsində həyatını itirib. Onlardan 60-ı Payport şəhərinin sakinidir. Və bu statistika artmaqda davam edir.
İspaniyada güclü daşqınlarda körpülər, küçələr dağılıb, minlərlə avtomobil, obyektlər su altında qalıb.
Qeyd edək ki, İspaniyada həlak olanlar üçün üç günlük matəm elan olunub və bir sıra tədbirlər, o cümlədən idman yarışları təxirə salınıb.