“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” - PANEL SESSİYA
Oktyabrın 28- də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiya keçirilib.
“TV1” xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saadın moderatorluğu ilə baş tutan sessiyada dini dəyərlərə əsaslanan fəaliyyət və mənəvi diplomatiyanın sülhə, həmrəyliyə aparan yolları müzakirə olunub.
Tədbirin açılış mərasimində BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxış edərək dinlərarası dialoqun gücləndirilməsi, ayrı-seçkiliyə qarşı mübarizə və insan ləyaqətinin qorunmasının vacibliyini vurğulayıb. Dini liderləri müxtəlif dinlər və inanclar arasında ortaq dəyərləri önə çəkməyə, dindən müharibə, zorakılıq və ekstremizm məqsədilə sui-istifadə hallarının qarşısını almaq üçün birgə fəaliyyət göstərməyə çağırıb. O qeyd edib ki, dialoq yalnız ilk addımdır, davamlı sülh üçün qarşılıqlı hörmət, birgə fəaliyyət və ortaq gündəmin formalaşdırılması zəruridir.
BMT Baş katibinin müavini islamofobiya və antisemitizmlə mübarizənin fərdi hüquqların, bərabərliyin və insan ləyaqətinin müdafiəsi ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Süni intellekt və yeni texnologiyalar dövründə insan hüquqları və ümumbəşəri dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayaraq, dini liderlərin və inanclı insanların bu istiqamətdə birgə səylərinin əhəmiyyətinə toxunub. Moratinosun sözlərinə görə, münaqişələrin və radikalizmin qarşısının alınması üçün dinlərarası əməkdaşlıq və davamlı birgə fəaliyyət gücləndirilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın tarixən sivilizasiyaların qovuşduğu məkan olduğunu, dinlərarası dialoq, multikulturalizm və dini dözümlülüyün təşviqində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında uzun illərə söykənən əməkdaşlıq qarşılıqlı anlaşmanın, dini və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” çərçivəsində ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilib. Qeyd olunub ki, Azərbaycan 2027-ci ildə növbəti UNAOC Qlobal Forumuna ev sahibliyi edəcək.
Dövlət Komitəsinin sədri islamofobiya, antisemitizm, dini dözümsüzlük, ksenofobiya və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və birgə səylərin vacibliyini diqqətə çatdırıb, Azərbaycanın UNAOC-un bu istiqamətdə təşəbbüslərini dəstəklədiyini bildirib.
Ölkəmizin multikulturalizm və dini dözümlülük təcrübəsinə toxunan Ramin Məmmədov qeyd edib ki, Azərbaycan bu dəyərləri yalnız tarixi ənənələr və passiv dözümlülüklə məhdudlaşdırmayaraq, strateji dövlət siyasətinin və institusional idarəetmə sisteminin mühüm tərkib hissəsinə çevirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın mədəniyyətlərarası dialoq, dinlərarası əməkdaşlıq və multikulturalizm sahəsindəki təcrübəsi barədə fikirlərini diqqətə çatdırıb. Şeyxülislam Azərbaycanın tarixi-mənəvi irsinin qorunmasını, müxtəlif dini icmaların ibadət ocaqlarının bərpasını və dinlərarası harmoniyanın təşviqini ölkənin multikultural siyasətinin mühüm təzahürləri kimi dəyərləndirib. O, Qafqaz Müsəlmanları İdarəsinin BMT Sivilizasiyalar Alyansı və beynəlxalq dini platformalarla əməkdaşlığının əhəmiyyətini qeyd edib. Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə dini liderlərin zirvə görüşünün keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Allahşükür Paşazadə dinlərarası dialoq və məzhəblərarası anlaşmanın qlobal çağırışların həllində mühüm rol oynadığını bildirərək, VII Forumun sülh, qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Plenar sessiya işini beynəlxalq spikerlərin çıxışları və müzakirələrlə davam etdirib.








