Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılır
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb.
“TV1” xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, Milli Elmlər Akademiyasının 23 noyabr 2023-cü il tarixli Ümumi Yığıncağında təsdiq olunmuş Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin 3.6.-cı bəndinə əsasən Akademiyanın üzvü ölkənin və Akademiyanın adına ləkə gətirən hərəkətlərə yol verdikdə, vəzifələrini yerinə yetirmədikdə onun AMEA üzvlüyündən çıxarılması məsələsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək, müvafiq qərar qəbul edilməklə AMEA Ümumi Yığıncağında təsdiq edilmək üçün təqdim olunur.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin iclasını açaraq Ramiz Mehdiyevin ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayət hərəkətlərinə yol verdiyini bildirib. Qeyd edilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə haqqında qərar çıxarılıb. Müstəqil dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi üçün planlar quran Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir, Akademiyanın üzvü adına yaraşmayan, alim adını hörmətdən və nüfuzdan salan bağışlanmaz hərəkətlərdir. Dövlətə xəyanət etmiş, məhkəmə tərəfindən ağır cəzaya məhkum edilmiş Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz.
Bütün bunlara görə Ramiz Mehdiyevin törətdiyi ölkə vətəndaşına və Akademiya üzvünə yaraşmayan cinayət əməlləri və Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 14 il müddətinə azadlıqdan məhrumetmə haqqındakı hökmü nəzərə alınaraq, onun AMEA üzvlüyündən çıxarılması məqsədəuyğun hesab edilib və AMEA Rəyasət Heyəti üzvlərinin müzakirəsinə verilib.
AMEA Rəyasət Heyətinin üzvləri müstəqil dövlətimizə xəyanət edən, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd göstərən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni sərvətlər əldə edən Ramiz Mehdiyevin alim adına yaraşmayan cinayət əməllərini qətiyyətlə pisləyib, məhkəmə ilə sübut olunmuş həmin hərəkətlərin qəbuledilməz olduğunu nəzərə çatdırıb, ona akademiya üzvləri arasında yer olmadığını deyiblər.
Qeyd edilib ki, dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət yolunu tutması bağışlanmazdır.
AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasına üzvlərin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin tələbinə görə AMEA Rəyasət Heyətinin bu qərarı AMEA Ümumi Yığıncağı tərəfindən təsdiq olunmalıdır.
Sonda AMEA Rəyasət Heyəti 30 oktyabr 2026-cı il tarixdə AMEA Ümumi Yığıncağının çağırılması haqqında qərar qəbul edib. /trend.az/








