ABŞ-da müsəlman konqresmen qadına naməlum maye səpilib
ABŞ Konqresinin üzvü İlxan Omar Minnesota ştatının Minneapolis şəhərində seçicilərlə görüşü zamanı hücuma məruz qalıb. Naməlum şəxs şprisdən xoşagəlməz qoxulu mayeni onun üzərinə səpib. Hazırda maddənin mənşəyi kriminalistlər tərəfindən araşdırılır.
“TV1” xəbər verir ki, bu barədə Fox 9 telekanalı məlumat yayıb.
Demokrat Partiyasını təmsil edən konqresmen qadın xəsarət almayıb və çıxışını davam etdirə bilib.
Hadisə ilə əlaqədar 55 yaşlı Entoni Ceyms Kazmirçak saxlanılıb. Ona qarşı üçüncü dərəcəli hücum maddəsi ilə ittiham irəli sürülə bilər. Kazmirçak məhkəmə iclasınadək Minnesotadakı Hennepin dairə həbsxanasında saxlanılır.
İş Federal Təhqiqat Bürosuna (FTB) ötürülüb və hazırda səpilən mayenin tərkibi müəyyənləşdirilir. Yerli hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, söhbət “qeyri-toksik” bir maddədən gedir.
Hücumdan əvvəl İlxan Omar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) ləğv olunmasını, həmçinin daxili təhlükəsizlik naziri Kristi Noemin vəzifədən kənarlaşdırılmasını dəstəklədiyini açıqlamışdı. ABŞ-ın prezidenti Donald Tramp isə ABC News-a verdiyi müsahibədə Omarın hücumu özünün səhnələşdirdiyini iddia edib.








