Əməkdar jurnalist Akif Təvəkküloğlu yazır: Həzi kişinin sərgüzəştləri (1-ci yazı)
1-ci yazı
Adı Həzrətqulu idi. Uşaqlıqdan ata-anası onu Həzi – deyə çağırmışdı. Ona görə də qohum-qonşu da Həzrətquluya Həzi deyərdi. Əsl adının Həzrətqulu olduğunu heç çoxları bilmirdi, deyəsən bunu elə Həzi dayı özü də unutmuşdu…
Həzi kişi dünya görmüş, ağıllı, təmkinli, dünyanın gərdişinə özünəməxsus məntiqlə yanaşan bir insan idi. Çox məzəli söhbətləri var idi. Öyüd-nəsihət verməyi xoşlayırdı. İnsanların yaxşı işinə öz işi qədər sevinər, kədərini özününkü bilib şərik olmağa çalışardı. Məsləhətlərini söhbət əsasında elə ustalıqla deyərdi ki, heç kəsin ruhu da inciməzdi, eşidən, dinləyən ondan ancaq dərs götürərdi. Dünyanın çox aşırımlarını aşmışdı. Yaşadığı illərdə rast gəldiyi, şahidi olduğu hadisələri danışmağı çox sevirdi. Danışdıqları, söylədikləri başdan ayağa həyat məktəbi idi. Onun “iştahla” danışdıqlarına biz də eyni “iştahla” qulaq asardıq, maqnitafon lenti kimi yaddaşımıza köçürürdük.
Həzi dayı böyük-kiçik məsələlərinə çox həssaslıqla yanaşardı. Həmişə ilk sözü bu olardı ki, ağsaqqal-ağbirçək sözünə mütləq qulaq asmaq lazımdır, Hətta onlar müasir dövrün ab-havası ilə ayaqlaşa bilməsələr belə. Çünki onlar böyük həyat məktəbi keçiblər. Bildiyi, eşitdiyi, gördüyü hadisə və əhvalatları yeniyetmələrə, gənclərə danışarkən mütləq şəxsi qənaətindən yaranan fikirləri, öyüd-nəsihəti də sonuna “bərkidərdi”.
Deyir – günlərin birində gənc bir oğlan Həzi dayıya yaxınlaşır. Üzləşdiyi ailə problemini ona söyləyir və çıxış yolu göstərməsini istəyir. Hörmət sahibi olan ağsaqqal oğlana məsləhətlərini verir, yol göstərir. “Dediklərimi qulaqlarında sırğa elə və mütləq yerinə yetir” – deyib gəncə uğurlar arzulayir. Oğlan məmnun halda qocadan ayrılır… Bir neçə gündən sonra cavan yenidən bu müdrik ağsaqqalın yanına gəlir. Həzi dayı onun üzündəki pərişanlıq ifadəsinin səbəbini soruşanda oğlan qocanın dediklərini yerinə yetirmədiyini söyləyib, vəziyyətin daha da gərginləşdiyini bildirir. Ağsaqqal yorulmadan, usanmadan yenidən oğlana “həyat dərsi” keçir. Xoşbəxt olmaq və yaxşı yaşamağın yollarını bir daha ona başa salır. Cavan söz verir ki, bu dəfə mütləq verilən məsləhətlərə əməl edəcək. Amma iradəsizlik yenə gəncə qalib gəlir, öz bildiyi kimi həyatına davam edir. Hadisə bu minvalla bu bir neçə dəfə təkrar olunur. Nəhayət oğlan öz əli ilə həyatını puç edir. Ailə dağılır. O, ağsaqqalın yanına gələrək tutduğu yolun yalnış olduğunu bilə-bilə müdrik qocanın məsləhətlərinə qulaq asmadığını və bunun “cəzasını” çəkdiyini söyləyir…
Həzi kişi söhbətini bitirən kimi üzünü bizə – yeniyetmə və gənclərə tutub sual edirdi: “Siz bilirsinizmi, belə yerdə atalarımız nə deyib? Hamı mattım-mattım Həzi kişinin üzünə baxdı… “Bax uşaqlar belə yerdə atalarımız deyir ki, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. Sonrakı peşmançılıq fayda verməz”… Mən də sizə tövsiyə edirəm, biz qocaları nə qədər zəmanədən geri qalmış hesab etsəniz də məsləhətlərimiz ancaq fayda verə bilər. Bu, sizin gələcəyiniz üçün lazımdır…
P.S. Həzi kişinin sərgüzəştləri ilə yolumuza davam edəcəyik. Nağıllarda deyilmişkən ardı var…
Akif Təvəkküloğlu, əməkdar jurnalist








