Fransadan ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik - Ayxan Hacızadə
Azərbaycan Xarici İşlər Nazirliyi Fransadan Azərbaycana qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edib.
“TV1” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına dair yerli mətbuatın sualına cavabında bildirib.
“İflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə, Azərbaycanı əsassız iddialarla günahlandırmaqla düşdüyü vəziyyətdən ictimai diqqəti yayındırmağa çalışan Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik”, – deyə məlumatda bildirilir.
Qeyd edilib ki, Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını özü unutmasına baxmayaraq, hər kəs yaxşı xatırlayır:
“Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanlar fonunda Fransanın çıxış etdiyi mövqeyə, habelə Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətmək cəhdlərinə baxmaq kifayətdir ki, əslində kimin, həqiqətən də, “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun”.
A.Hacızadə həmçinin vurğulayıb: “Qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil”.