Gürcüstan DTX-nın rəhbəri istefa verib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze sentyabrın 14-də vəzifəsindən istefa verib.
“TV1” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Gela Geladze bildirib ki, istefa qərarı siyasi komanda ilə məsləhətləşmələr nəticəsində qəbul olunub və fəaliyyətini başqa bir qurumda davam etdirəcək.
Qeyd edək ki, parlament Gela Geladzeni bu il aprelin 28-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə 6 il müddətinə təsdiqləmişdi.
Xatırladaq ki, Geladzedən əvvəl bu quruma Mamuka Mdinaradze rəhbərlik edib və 2026-cı ilin aprelində vaxtından əvvəl istefa verib. 2025-ci ilin avqustunda isə “Gürcü Arzusu”nun nümayəndəsi Anri Oxanaşvili təxminən 5 ay xidmətə rəhbərlik etdikdən sonra istefa ərizəsini təqdim edib.








