Gürcüstan Dəmir Yolları: BTQ layihəsi tamamlanıb, istismara hazırlanır
“Bakı-Tbilisi-Qars layihəsi faktiki olaraq tamamlanıb və hazırkı mərhələdə istismara verilməsi üzrə işlər aparılır”.
“TV1” xəbər verir ki, bunu “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze deyib.
O bildirib ki, hazırda istismara vermə və təhvil-təslim üçün lazımı sənədlərin hazırlanması prosesi gedir.
L.Abaşidze BTQ layihəsinin Gürcüstan üçün böyük önəm kəsb etdiyini vurğulayıb:
“Bu infrastruktur layihə bizi Türkiyə ilə birbaşa əlaqələndirəcək və Gürcüstan istiqamətində əlavə yük axınlarının cəlbinə imkan verəcək”.
L.Abaşidze qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin və daşınmaların sürətinin artırılması istiqamətində iştirakçı ölkələrlə fəal iş aparılır: “Dəhliz vasitəsilə Çindən konteyner daşımalarında artım təqribən 40-50% təşkil edir. Bu, kifayət qədər əhəmiyyətli artımdır. Biz yaxın illərdə daha çox artımın olacağını gözləyirik”.








