“İdrak” liseyində dramatik hadisə - Azyaşlının müsahibəsinin efirdə yayımlanması.../VİDEO
“İdrak” liseyində baş vermiş hadisə ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Bu hadisə bir daha göstərdi ki, hələ də informasiyanın alınması, hazırlanması və yayılmasında problemlər qalmaqdadır. Xüsusilə də, media savadlılığının, peşəkarlığın artırılmasına zərurət var. Yəni, bu istiqamətdə atılan addımlar inkişaf etdirilməlidir.
Keçək mətləbə. Liseydə silahlı insident baş verdikdən sonra jurnalistlər burada təhsil alan məktəbli uşaqdan tədris müəssisəsinin önündə müsahibə götürüblər. Bundan sonra isə həmin müsahibə mediada tirajlandı.
Azərbaycan qanunvericiliyində azyaşlının (uşağın) müsahibəsinin efirdə yayımlanması məsələsi həm “Media haqqında” Qanun, həm də başqa əlaqəli qanunlar vasitəsilə tənzimlənir. Bu tənzimləmənin məqsədi uşaqların hüquq və maraqlarının qorunmasıdır.
– Azyaşlının şəxsiyyəti və ya onunla bağlı məlumatlar uşağın və ya qanuni nümayəndələrinin açıq razılığı olmadan yayımlana bilməz. Bu, həm uşaqların şəxsi həyatının müdafiəsi, həm də onların təhlükəsizliyi üçün vacibdir.
– Uşağın adı, şəkli, səsi və digər identifikasiyaedici məlumatlar yayımlanmaqla, onun şəxsi həyatı müdafiə olunmamış sayılırsa, belə materiallar efirə verilə bilməz. Jurnalistlər bu hallarda daha ehtiyatlı olmalıdırlar.
Beynəlxalq miqyasda jurnalistlər üçün qəbul olunmuş peşə etikası kodeksinə əsasən:
1. Qəza və ya cinayətdən zərər çəkmiş qurbanların adları və ya şəkilləri onların razılığı olmadan açıqlanmamalıdır. Bu, xüsusi şərtlər daxilində və qurban ictimai xadim olduqda mümkündür. Cinayət yeniyetmələr və ya uşaqlar (18 yaşdan kiçik şəxslər) tərəfindən törədilibsə, jurnalistlər cinayətkarların adlarını və ya şəkillərini yaymaqdan çəkinməlidirlər.
2. Jurnalistlər uşaqların məsumluğundan və etibarından sui-istifadə etməməli, onların hüquqlarına hörmətıə yanaşmalı və fikirlərini çatdırmaqda xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və ya qanuni qəyyumlarının razılığı olmadan uşaqlarla müsahibə aparmaqdan çəkinməlidirlər. Jurnalist, üstün ictimai maraq olmadığı təqdirdə, uşağın şəxsi həyatı ilə bağlı məlumat və ya fotoşəkillər dərc etməməlidir. Jurnalist faciə və ya cinayətkar fəaliyyətdə iştirak edən və ya təsirlənən uşaqların şəxsiyyətini qorumalıdır.
Vacib bir məqamı da qeyd etmək yerinə düşər – Azərbaycanda yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək, “Media haqqında” qanuna müəyyən dəyişikliklər təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılmış dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına icazə verilməyəcək. Hazırda qüvvədə olan qanuna əsasən isə həmin şəxslərin qanuni nümayəndələrinin yazılı razılığı tələb olunmur.
Belə… Hələ də öyrənməli, oxumalıyıq həmkarlar…Ki, bu gün yaşanan belə hallar və problemlər bir daha təkrarlanmasın.
Mətanət Əliyeva









