Neft Emalı Zavodunda yanğın olub
Fövqəladə Hallar Nazirliyi (FHN) Neft Emalı Zavodunda yanğın barədə məlumat yayıb.
“TV1” xəbər verir ki, FHN-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, iyunun 18-də saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib.
“Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb. Zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır”, – deyə nazirliyin məlumatında qeyd olunur.








