Nərimanov rayon sakinləri "TV1"-ə üz tutdu - Bu pub ciddi narahatlıq və təhlükə yaradır
Nərimanov rayonu, Azadlıq prospekti 114 ünvanında yaşayan bir qrup sakin “TV1” kanalına müraciət edib.
“TV1” xəbər verir ki, müraciətdə bildirilir:
“Biz, Nərimanov rayonu, Azadlıq prospekti 114 ünvanında yerləşən 1-ci blokun sakinləri, Sizə bu müraciəti ünvanlamaqda məqsədimiz binamızın zirzəmisində fəaliyyət göstərən “Beer Bochka” adlı pubun uzun müddətdir ki, sakinlər üçün ciddi narahatlıq və təhlükə yaratmasıdır.
Qeyd etmək istəyirik ki, sözügedən obyektdə dəfələrlə qaz partlayışı təhlükəsi, yanğın halları baş verib, bu isə binada yaşayan insanların həyatı üçün real risk yaradıb. Bundan əlavə, gecə saatlarında sərxoş şəxslərin pubdan çıxaraq dava-dalaş salması, nalayiq ifadələr işlətməsi, ictimai asayişin kobud şəkildə pozulması adi hala çevrilib.
Eyni zamanda, pubun fəaliyyəti nəticəsində binanın qarşısı və ətraf ərazi antisanitar vəziyyətə düşüb, səs-küy və nizamsızlıq səbəbindən sakinlərin, xüsusilə yaşlıların və uşaqların normal istirahəti mümkün olmayıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirik ki, bu məsələ ilə bağlı təcili tədbirlər görülsün, obyektin fəaliyyətinin qanunvericiliyə uyğunluğu araşdırılsın və sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq qərar qəbul edilsin.
Ümid edirik ki, müraciətimiz diqqətlə araşdırılacaq və problem tezliklə öz müsbət həllini tapacaq.
Hörmətlə,
Nərimanov rayonu, Azadlıq prospekti 114, 1-ci blokun sakinləri
1. Məmmədova Sədaqət
2. Əliyev İlham
3. Vəkilova Təranə
4. Abbasova Zərifə
5. Qasımov Nəsimi”








