Netanyahu müdafiə nazirini istefaya göndərməyi planlaşdırır
İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərməyi planlaşdırır.
“TV1” xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası baş nazirin dəftərxanasına istinadla məlumat yayıb.
“Benyamin Netanyahu yaxın vaxtlarda müdafiə naziri Yoav Qalantı işdən azad etməyə hazırlaşır”, – deyə radiostansiya bildirib.
Medianın bununla bağlı yaydığı məlumatlara reaksiya Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdən gəlib. Qvir deyib ki, Qalantı vəzifədən kənarlaşdırmağı Netanyahudan o xahiş edib. Çünki hazırkı müdafiə naziri Livandan mütəmadi atəşə məruz qalan İsrailin şimalında təhlükəsizliklə bağlı vəziyyəti dəyişməyi bacarmır.
Baş nazirin dəftərxanası isə müdafiə nazirinin istefaya göndərilməsi planlarını şərh etməyib.