Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 309 şəxs yaralanıb
Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu Ər-Riyad hava limanına husilərin hücumu nəticəsində 12 nəfərin həlak olduğunu, 309 nəfərin yaralandığını açıqlayıb.
‘’TV1’’ xəbər verir ki, İranın dəstəklədiyi husilərin törətdiyi bu hücum son on ildən artıq müddətdə krallıqda ən çox insan tələfatına səbəb olan hücumdur.
Hadisədən sonra hava limanında əməliyyatlar dayandırılıb.
Bu, Səudiyyə Ərəbistanında 2015-ci ilin mayında İŞİD terror qruplaşmasının ölkənin şərqində yerləşən Əl-Qatif şəhərində məsciddə törətdiyi və 21 nəfərin həlak olduğu kamikadze hücumundan bəri ən ağır hücumdur.
Mülki aviasiya qurumunun bəyanatında bildirilib ki, Ər-Riyadda həlak olanlar arasında dörd Səudiyyə Ərəbistanı vətəndaşı və bir ABŞ vətəndaşı da daxil olmaqla səkkiz əcnəbi var.
“Hücum nəticəsində, həmçinin 309 nəfər yaralanıb”, — deyə qurum əlavə edib. Bildirilib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Hadisə nəticəsində maddi ziyanın da dəydiyi qeyd olunub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləyən hərbi koalisiya axşam saatlarında krallığın şərqində, Dammam hava limanının yaxınlığına da raket və ya mərmi düşdüyünü açıqlayıb. Fəaliyyətini dayandıran Ər-Riyad hava limanına alternativ kimi Ciddə və Dammam hava limanlarından istifadə oluna bilər. Ər-Riyadın cənub-şərqində isə daha bir mərmi ələ keçirilib.
Paytaxtda yaralılara tibbi yardım göstərilməsi üçün gün ərzində həkimlər təcili olaraq xəstəxanalara çağırılıb. Bir neçə Qərb ölkəsinin səfirlik əməkdaşlarına bir həftə ərzində hava limanına getməməyi tövsiyə edildiyi bildirilir.
Yaralılar və həlak olanlar arasında Səudiyyə Ərəbistanının aviaşirkətlərindən birində çalışan misirli ekipaj üzvü də olub.
Qeyd edək ki, husilər daha əvvəl, oktyabrın 7-si və 8-də hava limanına zərbələr endirdiklərini bəyan etmişdilər. Həmin hücumlar nəticəsində biri pilot olmaqla üç Səudiyyə Ərəbistanı vətəndaşı və daha üç nəfər — Misir, Əlcəzair və Sudan vətəndaşları həyatını itirmişdi.








