Sos kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

media-ads_728_90

Bu gün növbəti köç karvanı ilə Sos kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

“TV1” xəbər verir ki, Xocavənd rayonunun Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə olmaqla 80 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

15:01

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Xocavənd rayonunun Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşublar.

“TV1” xəbər verir ki, Sos kəndi bu gün 20 ailə olmaqla, 80 nəfərə qucaq açıb.

Yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və komunikasiya infrastrukturu bərpa edilib.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

media-ads_728_90
Paylaş