Paşinyan Huker görüşü - Trampın İrəvan və Bakı arasında sülhün qurulmasına töhfəsi...
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Ellison Hukerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, görüşdə N.Paşinyan ABŞ Prezidenti Donald Trampın Azərbaycanla sülhün qurulmasına şəxsi töhfəsini yüksək qiymətləndirib.
Baş nazir 8 avqustda Vaşinqtonda keçirilmiş sülh sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyətini və onların planlaşdırılmış cədvələ uyğun həyata keçirilməsi işlərinin vacib olduğunu qeyd edib. O, həmçinin ABŞ ilə ikitərəfli münasibətlərdə müxtəlif sahə və istiqamətləri əhatə edən zəngin gündəliyin mövcudluğunu vurğuladı.
N.Paşinyan vurğulayıb ki, son vaxtlarda iki ölkə arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib.
ABŞ-ın dövlət katibinin müavini isə bildirib ki, ticarət, investisiyalar, infrastruktur, regional əlaqələr və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün İrəvana gəlib. O, dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi altında ikitərəfli işçi qrupların işə başlamasını qeyd edib. Bu qrupların məqsədi tarixi sammitdə qəbul edilmiş ikitərəfli sazişlərin həyata keçirilməsi və D.Trampın beynəlxalq sülh və rifah kursunun irəlilədilməsidir.








