Qaçaq Nəbi haqqında bu günə qədər bilinməyən FAKTLAR - FOTO
Cəsarət Bayramov, Qubadlı rayonu, Dəmirçilər kənd sakini
Sağlığında dastanlaşan xalq qəhrəmanı – QAÇAQ NƏBİ
Bir insanın iki ömrü, Nəbi–Həcər sevgisi və xalq yaddaşında zamanın fövqünə qalxan bir dastan
Bu, Qaçaq Nəbi və Həcər xanım haqqında qələmə aldığım silsilənin beşinci və sonuncu yazısıdır. Əvvəlki yazılarda sənədlərin, köhnə mətbuatın, şəcərənin, bir-birinə qarışdırılmış adların və mübahisəli tarixi hadisələrin ardınca getdim. Son yazıda isə bütün bunlardan bir qədər kənara çəkilib illərdir məni düşündürən daha böyük bir sualın cavabını axtarmaq istəyirəm: bir insan necə yaşamalıdır ki, özü hələ sağ ikən xalq onun haqqında nəğmə qoşsun, hadisələrini dastana çevirsin, ölümündən yüz ildən artıq vaxt keçəndən sonra adı çəkiləndə birinin ürəyi qürurla döyünsün, birinin gözləri dolsun, bir gəncin içindən “kaş mən də belə cəsarətli ola biləydim” düşüncəsi keçsin?
Bir də başqa sual var: bir kişi ilə bir qadın necə sevməlidir ki, onları ölüm ayırsa da, xalq yüz ildən artıq vaxt keçəndən sonra belə adlarını bir-birindən ayırmağa qıymasın?
Məncə, Qaçaq Nəbinin tarixdəki yerini yalnız neçə dəfə döyüşməsi, hansı yolları keçməsi, hansı qüvvələrlə üz-üzə gəlməsi ilə ölçmək kifayət deyil. Nəbinin böyüklüyünü anlamaq üçün xalqın onu niyə özününkü saydığını anlamaq lazımdır. Silahlı adam tarixdə çox olub, amma hər silahlı adam nəğməyə çevrilməyib; hər qaçağın adı bir əsr sonra toyda oxunmayıb; hər qəhrəmanın yanında Həcər kimi bir qadın xalq yaddaşının ikinci qəhrəmanına çevrilməyib.
Bəlkə də Nəbinin ən böyük sirri elə buradadır.
NƏBİ HƏLƏ SAĞ İDİ — İKİNCİ ÖMRÜ İSƏ ÇOXDAN BAŞLAMIŞDI
1894-cü il. Nəbi hələ sağ idi. Larni hələ qabaqda idi, ölümünə təxminən iki il qalırdı. Amma Tiflisdə nəşr olunan SMOMPK-un XVIII buraxılışında Azərbaycan türkcəsində toplanmış folklor materialları içərisində artıq Nəbi və Həcər haqqında xalq yaddaşının yazılı izi görünürdü. Həmin nəşrin Azərbaycan folkloru ilə bağlı hissələrindən biri A. Kalaşev və A. İoakimovun topladığı “Татарские тексты. Песни, загадки, пословицы” — “Tatar mətnləri. Mahnılar, tapmacalar, atalar sözləri” adı altında təqdim olunmuşdu.
Bu faktın əsl böyüklüyünü anlamaq üçün onu sadəcə biblioqrafik qeyd kimi oxumaq olmaz. Bir anlıq təsəvvür edək: hardasa Zəngəzurun dağlarında bir atlı gedir, atının nalı daşlara dəyir, hökumət adamları onun izini axtarır. Sabahı harada açacağını bəlkə özü də bilmir, Həcər yanındadır, qarşıda hansı təhlükənin dayandığı bəlli deyil. Amma həmin vaxt başqa bir kənddə kimsə artıq onun adını çəkir, başqa bir ocağın başında əhvalatı danışılır, başqa bir məclisdə onunla Həcərin adı nəğməyə düşür.
Bəlkə Nəbinin özünün bundan heç xəbəri də yox idi.
Nəbi hələ bu dünyanın yolları ilə gedirdi, xalq yaddaşında isə onun ikinci ömrü çoxdan doğulmuşdu.
Birinci ömrü at belində, dağlarda, yollarda, təqibdə, Həcərlə çiyin-çiyinə yaşanırdı; ikinci ömrü isə elin dilində, nəğmədə, dastanda böyüyürdü. Birini Nəbi özü yaşayırdı, o birini xalq.
Burada mühüm bir incəlik var: 1894 həmin nəğmələrin doğulduğu il deyil. Şifahi folklor kağızda doğulmur; əvvəl insanın dilində yaşayır, bir kənddən o biri kəndə keçir, bir yolçu aparır, bir çoban yaylağa çıxarır, bir aşıq sazına götürür. Sonra günlərin birində kimsə artıq yaşayan həmin sözü yazıya alır.
Deməli, 1894 başlanğıc yox, artıq mövcud olan yaddaşın yazıya çatdığı tarixdir. Nəbi və Həcər haqqında mahnılar, söyləmələr, poetik parçalar bundan əvvəl də xalq arasında dolaşırdı. Xüsusilə 1880-ci illərdən etibarən Nəbinin adının geniş coğrafiyada yayılması ilə onun haqqında şifahi yaddaşın böyüməsi də təbii idi.
Yəni Nəbi öləndən sonra dastan olmadı. Nəbi hələ sağ ikən xalqın yaddaşında dastana çevrilirdi. Buna görə Larni dastanın başlanğıcı deyil; yalnız bir insan ömrünün sonudur. Dastan isə çoxdan yoldadır.
El arasında boş yerə deməyiblər: “İgid ölər, adı qalar.” Bəlkə də bu qədim söz Qaçaq Nəbinin taleyində ən canlı mənalarından birini tapır. Nəbinin birinci ömrünü zaman aldı, ikinci ömrünü xalq ona verdi. İgid öldü, amma adı sadəcə qalmadı — böyüdü, nəğməyə, dastana, yaddaşa çevrildi.
Xalqın verdiyi belə bir ömrün son tarixini heç bir təqvim yaza bilməz.
Xalqın Nəbiyə müraciətindəki doğmalığı bircə misra da göstərir: “Qoy sənə desinlər, ay Qaçaq Nəbi…” Burada mənə ən doğma gələn söz bəlkə də “Qaçaq” deyil, “ay”dır. Bu “ay”da hökmdarla rəiyyət arasındakı məsafə yoxdur, saray dili yoxdur. Xalq öz içindən çıxmış adama səslənir; sanki bir ana oğluna, bir qardaş qardaşına, bir el öz igidinə deyir: Ay Nəbi…
Nəbinin başında tac yox idi, sarayı və sərvətlə dolu xəzinəsi yox idi. Amma xalq ona hökmdarların da həmişə qazana bilmədiyi bir yer verdi — öz ürəyində taxt verdi. O taxt qızıldan deyildi, yaddaşdan idi; tacını zərgər düzəltməmişdi, elin sevgisi başına qoymuşdu. Nəbi xalqın üzərində hökmranlıq etmədi, xalqın qəlbində yaşadı.
Tarixdə çox taxt dağılıb, çox sarayın divarları uçub. Bir zaman adından qorxulan neçə hökmdarın adı indi yalnız kitabların içindədir. Nəbinin sarayı isə heç vaxt olmayıb.
Amma adı qalıb.
XALQ NƏBİNİ NİYƏ SEVDİ?
XIX əsr Qafqazında silahlı adam az deyildi. Qaçaqlar, müxtəlif silahlı dəstələr, yolkəsənlər də vardı. Bəs onların hamısı niyə xalq qəhrəmanına çevrilmədi? Niyə onların hamısının adı yüz ildən sonra toyda oxunmadı? Niyə məhz Nəbi?
Bu sualın cavabını onun tüfəngində axtarmaq kifayət etmir. Tüfəng insanı qorxuda bilər, amma sevdirə bilməz. Nəbinin xalq yaddaşında böyüməsinin əsas səbəblərindən biri insanların onda özlərinin deyə bilmədiyi sözü, göstərə bilmədiyi müqaviməti görmələri idi. Haqsızlıq qarşısında susmağa məcbur olan adam Nəbinin susmadığını eşidirdi, güclünün qabağında baş əyməli olan kəndli onun əyilmədiyini görürdü.
Bir qaçağın uzun illər dağlarda yaşaması üçün dağ yetmir, yaxşı at və tüfəng də yetmir. İnsan lazımdır: bir kənddə yol bağlananda başqa kənddə qapını açan, çörəyini bölən, yol göstərən, izini gizlədən, təhlükəni bilə-bilə susan insan.
Bəlkə Nəbinin ən alınmaz qalası daşdan tikilmiş qala deyildi — gecə vaxtı bir kəndlinin onun üzünə açdığı qapı idi. Bəlkə onun ən böyük ordusu minlərlə əsgər deyildi — onu satmayan insanların səssizliyi idi.
Belə sevgi fərmanla verilmir. Qazanılır. Və bir insan xalqın bu qədər dərin rəğbətini qazananda onun haqqında nəğmənin yaranması artıq təsadüf olmur.
NƏBİ İLƏ HƏCƏR — QƏHRƏMANLIĞIN SEVGİ İLƏ TAMAMLANDIĞI YER
Nəbinin hekayəsinin ən böyük fərqlərindən biri Həcərdir. Əgər Həcər olmasaydı, bu yenə də böyük bir xalq qəhrəmanının hekayəsi ola bilərdi. Amma Həcər həmin hekayəyə başqa bir duyğu gətirdi: bir kişi ilə bir qadının eyni taleyi könüllü şəkildə daşıması.
Xalq Həcəri Nəbinin kölgəsində saxlamadı. Əksinə, Nəbiyə belə səsləndi: “Həcəri özündən ay qoçaq Nəbi!” Bu misra sadə tərifdən böyükdür. Xalq Nəbini özü “qoçaq” çağırır, amma həmin qoçaq kişinin qarşısına Həcərin cəsarətini çıxarır.
Həcər Nəbinin arxasınca gedən qadın deyildi. Həcər Nəbi ilə gedən qadın idi.
Bu iki ifadənin arasında bütöv bir ömür qədər fərq var. Nəbi ilə Həcərin sevgisini onların dövründə yaşamış başqa gənc ailələrin sevgisini kiçiltməklə böyütmək düzgün olmaz. O ailələr də bir-birini sevirdi, övlad böyüdürdü, ağır kənd həyatının yükünü birlikdə daşıyırdı. Nəbi ilə Həcərin fərqi sevgilərinin “daha çox” olmasında yox, hansı sınaqların içindən keçməsində idi.
Onlar yalnız bir evi paylaşmadılar, bir təhlükəni paylaşdılar. Yalnız bir süfrənin başında oturmadılar, bir taleyin qarşısında yanaşı dayandılar. Nəbi təqib olunurdusa, Həcərin də rahat gecəsi yox idi. Nəbinin düşməni yalnız Nəbinin düşməni deyildi; gecənin yarısı yol dəyişmək lazım gəlirdisə, Həcər də həmin gecənin içindəydi, sabahın harada açılacağı bilinmirdisə, bu qeyri-müəyyənlik ikisinin də həyatı idi.
Onların sevgisi gözəl sözlərdən çox davranışda görünürdü: bir-birinə arxa olmaqda, birinin yorulduğu yerdə o birinin dayanmasında, birinin təhlükəsinin o birinin də təhlükəsinə çevrilməsində, birinin taleyini o birinin “bu sənin yolundur” deyib kənardan seyr etməməsində. Onların sevgisi rahatlığın içində böyümədi, çətinliyin içində möhkəmləndi.
Bəlkə onlar bir-birinə bizim bu gün təsəvvür etdiyimiz uzun romantik cümlələri heç vaxt deməyiblər. Buna dair əlimizdə məktub yoxdur. Amma onların ömrünə baxanda həmin sevginin ən böyük cümləsi mənə belə gəlir:
“Hara gedirsənsə, mən də oradayam”.
Bəzən “səni sevirəm”dən də böyük sevgi etirafı budur. Çünki insanın yanında yaxşı gündə dayanmaq asandır; sevginin çəkisi yol ağırlaşanda bilinir. Nəbi ilə Həcərin sevgisinin böyüklüyü də bir-birinə sahib olmaqda yox, bir-birinin taleyinə sahib çıxmaqda idi.
Bəlkə ona görə xalq Nəbini böyüdəndə Həcəri kiçiltmədi, Həcəri ucaldanda Nəbini azaltmadı. İki adı yanaşı saxladı. Nəbi igidliyin adı oldu, Həcər həmin igidliyə çiyin verən sədaqətin.
Ölüm onları həyatda ayırdı, xalq isə adlarını ayırmağa qıymadı.
MOLLUDAN BAŞLAYAN SƏS SƏRHƏDLƏRƏ SIĞMADI
Nəbi Aşağı Molludan, Həcər Yuxarı Molludan idi. O dövrdə bu kəndlər Zəngəzur qəzasına daxil idi; sonralar doğma Qubadlımızın kəndləri oldular. Amma Molluda başlayan hekayə Molluda qalmadı. Nəbinin fəaliyyəti və haqqında yaranan yaddaş Zəngəzurdan Naxçıvan və Şərur-Dərələyəz istiqamətinə, Arazın o tayında Maku, Xoy, Səlmas, Təbriz tərəflərinə qədər geniş bir coğrafiyada iz buraxdı.
Bu hekayədə Araz adi çay deyil. Bəzən sərhəddir, bəzən nicat, bəzən ayrılıq, bəzən də iki sahildə yaşayan eyni yaddaşı bir-birinə bağlayan sudur.
Bir vaxt Arazı Nəbi keçirdi. Sonralar Arazı Nəbinin nəğməsi keçdi.
İnsanın qarşısına sərhəd çəkmək mümkündür. Nəğmənin qabağına yox.
Nəbinin ölümündən sonra bu yaddaşın dayanmadığını sonrakı mənbələr də göstərir. 1912-ci ildə Pavel Vostrikovun “Музыка и песня у азербайджанских татар” — “Azərbaycan tatarlarında musiqi və mahnı” adlı araşdırmasının SMOMPK-un XLII buraxılışında dərc olunması Nəbi və Həcər haqqında folklor yaddaşının davamını görmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixə fikir verək: 1912. Sonrakı məşhur sovet filmləri hələ yoxdur, amma Həcər artıq Nəbinin yanındadır. Deməli, Həcəri Nəbinin yanına kino gətirmədi; kino gəlməmişdən əvvəl xalq onu Nəbinin yanında görürdü.
Daha sonra 1928-ci ildə Əhməd Cəfəroğlu İstanbulda “Azerî Halk Edebiyatında ‘Kaçak Nebî’ Destanı” adlı araşdırmasını dərc etdirir. Bu üç tarixi yanaşı qoyanda mənzərə daha da aydınlaşır: 1894 — Nəbi sağdır, xalq yaddaşı artıq yazıya keçir; 1912 — Nəbi həyatda yoxdur, amma Nəbi–Həcər yaddaşı yaşayır; 1928 — İstanbulda artıq “Kaçak Nebî Destanı” elmi araşdırmanın mövzusudur.
Bir insanın ömrü bitmişdi.
Adının səfəri isə davam edirdi.
Məhəmmədhüseyn Şəhriyarın sonralar Nəbiyə müraciəti də bu səsin Arazın o tayında necə yaşadığını göstərir: “Qeyrətin qurbanı, ay Qaçax Nəbi!” Bir anlıq bu misranın keçdiyi yolu düşünək: Aşağı Mollu, Zəngəzur, Araz, Güney Azərbaycan və böyük bir şairin qələmi.
Nəbinin özü bu yolun hamısını getməmiş ola bilər.
Adı getdi.
İnsan bir dəfə doğulur. Xalq onu həqiqətən sevirsə, hər yeni nəsildə bir dəfə də doğulur.
DÜNYANIN QƏHRƏMANLARI ARASINDA NƏBİNİN ÖZÜNƏMƏXSUS YERİ
Dünyanın müxtəlif xalqları tarix boyu öz qəhrəmanlarını yaddaşlarında yaşadıblar. Spartak əsarət və üsyan yaddaşının böyük simvollarından birinə çevrilib, Uilyam Uolles Şotlandiyanın azadlıq yaddaşında yaşayır, Qaribaldi İtaliyanın milli tarixində böyük yer tutur, Robin Hud tarixlə əfsanənin sərhədində xalqın ədalət arzusu kimi yaşayır. Meksikada Panço Vilya haqqında isə özü sağ ikən xalq mahnıları — korridolar yaranıb.
Onların tarixi şəraiti, məqsədləri, miqyası və taleləri fərqlidir. Nəbini böyütmək üçün başqa bir xalqın qəhrəmanını kiçiltməyə ehtiyac yoxdur.
Nəbinin öz taleyi bunu deməyə yetir.
Müqayisənin maraqlı tərəfi başqa yerdədir: xalq hansı insanı öz yaddaşına qəbul edir və niyə? Spartakda üsyan və azadlıq arzusu, Uilyam Uollesdə milli müqavimət yaddaşı, Robin Hud əfsanəsində ədalət istəyi, Panço Vilyada isə qəhrəmanın sağlığında nəğməyə çevrilməsi önə çıxır. Nəbidə bunlara bənzər motivlərlə yanaşı daha bir çox maraqlı xüsusiyyət var: Həcər.
Yəni Nəbinin xalq yaddaşındakı obrazı yalnız bir kişinin silahlı müqaviməti kimi yaşamadı. Bir qadın da onunla yanaşı həmin yaddaşın qəhrəmanına çevrildi. Beləcə Nəbi dastanında iki böyük insan duyğusu yanaşı yaşamağa başladı: qəhrəmanlıq və sevgi.
Buna görə Nəbini dünya tarixində “sağlığında dastanlaşmış yeganə insan” adlandırmaq tarixi baxımdan ehtiyatlı olmaz. Amma onun sağlığında folklorlaşması, xalq içindən çıxması, hökmdar və dövlət başçısı olmadan belə geniş yaddaş yaratması və Həcərlə qoşa qəhrəmanlaşması onu son dərəcə nadir və diqqətəlayiq hadisəyə çevirir.
Bəlkə də Nəbinin ən böyük qələbəsi hansısa konkret döyüşün nəticəsi deyil. Zaman üzərində qazandığı qələbədir.
NƏBİ BİZƏ KİTABDAN GƏLMƏMİŞDİ — ELDƏN GƏLMİŞDİ
Burada tarix kitabını bir anlıq bağlayıb öz yaddaşıma qayıtmaq istəyirəm. Qubadlıda, mənim doğma Dəmirçilər kəndimdə, ümumən Zəngəzur elinin toylarında və məclislərində “Qaçaq Nəbi” havası həvəslə ifa olunardı. Xanəndə “Qaçaq Nəbi”yə keçəndə məclisin ovqatı dəyişərdi; böyük də qulaq asardı, cavan da. Kiminin yadına Nəbinin igidliyi, kiminin Həcər, kiminin də babasından eşitdiyi köhnə bir əhvalat düşərdi.
Biz uşaqlar bunun arxasında neçə illik tarix dayandığını bilmirdik. 1894-cü ilin nə demək olduğunu, Vostrikovun kim olduğunu, Əhməd Cəfəroğlunun 1928-ci ildə İstanbulda nə yazdığını bilmirdik. Amma Nəbini tanıyırdıq, Həcəri tanıyırdıq. “Qaçaq Nəbi” havasını eşidəndə bilirdik ki, bu bizim elin səsidir.
İndi köhnə mənbələri vərəqləyəndə bəzən gözümün qabağına arxiv otağı yox, Qubadlının, Dəmirçilərin toy həyətləri gəlir. Bir tərəfdə 1894-cü ildə kağıza düşən ad, o biri tərəfdə neçə nəsil sonra Zəngəzur elinin toyunda oxunan həmin ad. Arada bir əsrə yaxın zaman, dağılan imperiyalar, dəyişən sərhədlər və nəsillər var.
Səs isə qırılmayıb.
İndi bunu daha aydın anlayıram: Nəbi bizə kitabdan gəlməmişdi. Eldən gəlmişdi. Bəlkə bu yazıları qələmə almağım da yalnız tarixi araşdırmaq deyil, bir az da uşaqlıqdan qulağımda qalan həmin səsin haradan gəldiyini axtarmaqdır.
LARNİ — BİR ÖMRÜN SONU, DASTANIN YOX
Sonra yol gəlib Larnidə dayanır. 12 mart 1896-cı il. Buraya qədər at nalının səsi, yol, təqib, Həcər və Nəbi vardı. Buradan sonra səs dəyişir.

İranın Maku şəhərində yaşayan Qaçaq Nəbinin oğlu Xəlilin nəvəsi Bəhram Dolixaninin övladları və nəvələri
Tarix Nəbinin ölüm gününü yaza bilir, amma bir elin həmin xəbəri necə qarşıladığını həmişə yaza bilmir. Burada sənəd bir qədər susur, yaddaş danışmağa başlayır.
Qaçaq Nəbinin oğlu Xəlilin nəslindən gələn Bəhram Dolixaninin yerli adamlardan eşitdiyi və Həcər Əkbərovanın ailə yaddaşı kimi çatdırdığı bir xatirə var. Yaşlı bir kişi babasından eşitdiyini danışırmış: gecə “Nəbi gəlib…” xəbəri yayılıb, səhər açılıb, gözləyiblər, amma Nəbidən xəbər çıxmayıb. Sonra başqa xəbər gəlib: “Nəbini öldürüblər…”
Həmin kişinin babasının yaddaşında təkcə ölüm xəbəri yox, o günün göyü də qalıbmış. Günorta olsa da dağların başına qara buludlar yığılıb, elə bil buludlar ağlayırmış, elə bil göy Nəbiyə bayatı deyirmiş. Bu, meteoroloji məlumat və ya tarixi sənəd deyil — xalq yaddaşıdır. Amma folklorun həqiqəti bəzən başqa yerdə olur: məsələ həmin gün buludun necə olmasında yox, insanların öz kədərini necə xatırlamasındadır.
O yerlərin yaşlı adamlarının danışıq ruhunu düşündükcə sanki belə bir səs eşidilir: Ay bala, o gün elə bil dağın da beli büküldü… Nəbi getdi, dağ qaldı, amma dağın səsi dəyişdi… Gün günorta idi, göy qaralmışdı… Elə bil bulud ağlamırdı, Nəbiyə bayatı deyirdi…
Bunlar tarixi sitat deyil, həmin xalq yaddaşının ovqatını ifadə edən bədii cümlələrdir. Amma onların altında böyük bir həqiqət yatır:
Nəbi öləndə xalq yad bir adamı itirməmişdi. El öz adamını itirmişdi.
Və burada məqalənin əvvəlindəki fikrə yenidən qayıdırıq: Larni bir ömrün sonu idi, dastanın başlanğıcı yox. Dastan çoxdan başlamışdı.
NƏBİ GETDİ — HƏCƏRƏ İSƏ ÖMRÜN QALAN HİSSƏSİ QALDI
Larnidə Nəbinin hekayəsini yalnız onun ölümü ilə bitirsək, Həcərə haqsızlıq etmiş olarıq. Çünki xalq qəhrəmanını itirdi, Həcər isə sevdiyi adamı. Bu iki ağrı eyni deyil.
Biz bu gün tarixi bir sətirdə oxuyuruq: 12 mart 1896. Həcər isə həmin tarixin səhərini, ertəsi gününü, sonrakı ayını və sonrakı illərini yaşadı. Bir vaxt Nəbi ilə keçdiyi yollar, dağlar, Araz, Mollu yerində qaldı, amma həmin yolla gələcək Nəbi daha yox idi.
Bəzən ölüm gedən üçün bir andır. Qalan üçün isə ömrün qalan hissəsi.
Bəlkə Nəbi ilə Həcərin sevgisinin ən ağır sınağı at belində, təqibdə, güllə altında yaşanmadı. Bəlkə ən ağır hissəsi bütün bunlardan sonra başladı. Çünki təhlükənin içində Həcərin yanında Nəbi vardı. İndi təhlükə bitmişdi, amma Nəbi də yox idi. Həcər bundan sonra sevdiyi insanı yaddaşında daşımalı idi.
Xalq isə onları yenə ayırmadı. Nəbi deyiləndə Həcər yada düşdü, Həcər deyiləndə Nəbi.
Ölüm onları həyatda ayırdı, xalq isə adlarını ayırmağa qıymadı.
“CÜT GÖYƏRÇİNLƏRİM…” — DASTAN BİR AİLƏ EVİNƏ GİRƏNDƏ
Tarix bəzən arxivdə yox, bir babanın nəvəsinə qoyduğu adda, bir evin içində, bir əzizləmə sözündə yaşayır. Ailə yaddaşında Nəbi nəslinin Zeynəb qolundan gələn Əliş kişinin qarşısında illər sonra iki əkiz körpə dayanır: Həcər və Leyla. Əliş kişi onları sevə-sevə “Cüt göyərçinlərim…” deyə çağırarmış, sonra körpələrdən birini göstərib: “Bunun adı qocam Həcər olsun” söyləyərmiş.
Bu səhnənin içində nə tüfəng var, nə təqib, nə dağ. Bir baba, iki körpə və bir əsrə yaxın yol gəlib həmin evə çatmış Həcər adı var. Amma bu ad ailədə yalnız qürur deyil, nisgil də daşıyıb.
Ailə yaddaşına görə, bundan əvvəl bir neçə qıza Həcər adı verilmiş, onlar yaşamamışdılar. Əliş kişinin qızlarından birinə isə Südabə adı verilmişdi. Arzu Kurbani də məhz Südabənin qızıdır. Bu dəfə Həcər yaşadı; atasının imkanları hesabına xüsusi həkimlər cəlb edildi və uşaq xilas olundu.
İllər keçdi. Əliş kişinin “cüt göyərçinlərim” dediyi həmin körpələrdən biri böyüdü və qəribə şəkildə babasının ona verdiyi adın yaddaşını da öz üzərinə götürdü.
Əliş kişi ona Həcərin adını vermişdi. Ömür isə ona Həcərin yaddaşını qorumağı verdi.

Qaçaq Nəbinin kötücəsi – Əliş Məhərrəmovin oğul nəvəsi Həcər Əkbərova
Bu gün Həcər Əkbərovanın ailədən qoruyub gətirdiyi xatirələr məhz həmin ikinci ömrün davamıdır. Onun atasından eşitdiyi bir xatirəyə görə, Nəbi obrazını canlandırmış böyük aktyor Həsənağa Turabov sonralar Əliş kişi ilə görüşmüş, müəyyən təqdimatlarla bağlı üzrxahlıq etmişdi. Şeyx Əbdüllə bağlı isə ailə yaddaşında belə bir cümlə qalıb: “Qızım, mən bilirdim ki, bu nəsil bir gün çıxıb məndən soruşacaq”.

“Atları yəhərləyin” kinosunda əsas obrazlardan birini yaradan Şeyx Əbdül Qaçaq Nəbinin götücələri ilə görüşür
Bu sözün konkret hansı məsələyə aid olduğunu ayrıca sənədlə dəqiqləşdirmədən genişləndirmək düzgün olmaz. Amma cümlənin özü böyük məna daşıyır. Nəsil soruşurdu: babamızı necə göstərdiniz, nəyi doğru dediniz, nəyi dəyişdirdiniz?
Çünki tarix yalnız tarixçinin əmanəti deyil. Onu yaşamış insanların nəslinin də əmanətidir.
ARZU KURBANİ — BİR SAZDA SƏSLƏNƏN ŞƏCƏRƏ
Bu ailə yaddaşının başqa bir yolu bizi Türkiyəyə aparır. Əliş kişinin qızı Südabənin qızı Arzu Kurbani Türkiyədə yaşayır.
Arzu Kurbani sazı sinəsinə basıb “Qaçaq Nəbi”ni ifa edəndə bunu yalnız bir musiqi parçasının səslənməsi kimi görmək çətindir. Həmin anda sazın simində yalnız melodiya deyil, bir şəcərə, bir qan yaddaşı, Mollunun adı, Nəbinin igidliyi, Həcərin cəsarəti, bir kişi ilə qadının sədaqəti və xalqın yüz ildən artıq qoruyub gətirdiyi sevgi səslənir.

Qaçaq Nəbinin Türkiyədə yaşayan saz sənətçisi Aşıq Arzu Kurbanidir. Şəhid Əliş Məhərrəmoun qızı Südabənin övladı
Arzu sazı sinəsinə basanda sanki sadəcə musiqi alətini qucaqlamır.
Öz nəslinin yaddaşını sinəsinə sıxır.
Barmaqları simlərə toxunduqca keçmiş bu günə keçir; elə bil uzaqdan Nəbinin atının nal səsi gəlir, Həcərin addımları eşidilir, Mollunun yolları göz önünə gəlir. Bir vaxt dağlarda yaşanan tale indi Türkiyədə bir sazın sinəsində səsə çevrilir.
Bir tərəfdə Həcər Əkbərova sözə, sənədə, şəcərəyə və ailə xatirəsinə sahib çıxır, o biri tərəfdə Arzu Kurbani həmin yaddaşa səs verir.
Biri yaddaşın sözüdür, o biri səsi.
Aralarında ölkələr, yollar və illər var. Amma hər iki yolun sonunda yenə Mollu görünür. Və burada yenə ana fikrə qayıdırıq: Nəbinin ikinci ömrü 1896-da başlamadı, çoxdan başlamışdı; indi sadəcə başqa səslərlə davam edir.
BİR ƏSR SONRA — ƏLİŞ KİŞİ VƏ YURD HİSSİ

Qaçaq Nəbinin nəvəsi-qızı Zeynəbin oğlu Əliş Əlləbas oğlu Məhərrəmov
Tarix bəzən qəribə dairə vurur. 1896-cı ildən təxminən bir əsr keçir və 1993-cü il gəlir. Bu dəfə təhlükə Qubadlının öz qapısındadır. Əliş kişi ahıl yaşındadır. Ailə yaddaşına görə, doğma torpaq təhlükəyə düşəndə kənarda dayanmır, silaha sarılıb kəndin müdafiəsində iştirak edir.
Burada ailə yaddaşının yanında rəsmi sənəd də dayanır. Əliş Məhərrəmovun ölüm haqqında şəhadətnaməsində ölüm tarixi 30 avqust 1993-cü il, yaşı 73, ölüm səbəbi döş qəfəsinin odlu silah güllə yarası, ölüm yeri isə Mollu, Qubadlı göstərilir.

Əliş Məhərrəməvoun “ölüm kağızı”
Bu sənədə baxanda yalnız bir insanın ölüm kağızını görmək çətindir. Bir əsrin iki ucunu görürsən: bir ucunda Nəbinin dövrü, o biri ucunda Əliş kişi. Tarixi şərait və hadisələr eyni deyil; onları bir-birinin təkrarı kimi təqdim etmək doğru olmaz. Amma bir şey eynidir — yurda bağlılıq.
Bəzən babadan nəvəyə eyni at, eyni tüfəng, hətta eyni ev belə qalmır. Amma elə miras var ki, onu sandığa qoymaq olmur.
Yurd hissi.
Bir vaxt Əliş kişi iki körpəyə baxıb “cüt göyərçinlərim” deyirdi. Sonra həmin nəvələr onun xatirəsini qorudular. Nəsil bəlkə də elə budur: bir-birinin adını zamanın əlindən almaq.
NƏBİNİN ƏN BÖYÜK ABİDƏSİ
Bu beş yazının sonunda özümə bir sual verirəm: Qaçaq Nəbinin ən böyük abidəsi haradadır? Heykəldədirmi, kitabdadımı, filmdədirmi, arxivdədirmi? Bunların hamısı qiymətlidir. Amma məncə, Nəbinin ən böyük abidəsini heç bir memar tikməyib.
Xalq tikib — daşdan yox, yaddaşdan.
Bir daşını Aşağı Mollu, birini Yuxarı Mollu qoyub; birini Həcər, birini aşıq, birini Nəbinin adını yaddaşında saxlayan kəndli, birini Şəhriyar. Birini Qubadlıda, Zəngəzur elinin toylarında “Qaçaq Nəbi” oxuyan xanəndələr, birini Larni ətrafında babasından eşitdiyini nəvəsinə danışan adsız qoca, birini iki körpəni “cüt göyərçinlərim” deyə bağrına basan Əliş kişi, birini Həcər Əkbərova, birini Türkiyədə sazı sinəsinə basan Arzu Kurbani.
Və həmin abidə hələ tamamlanmayıb. Çünki hər dəfə “Qaçaq Nəbi” oxunanda, bir baba nəvəsinə Nəbinin adını danışanda, Həcərin adı Nəbinin yanında çəkiləndə ona bir daş da əlavə olunur.
Bəlkə xalq qəhrəmanının ən böyük abidəsi elə budur: özündən sonra yaşayan insanların yaddaşı.
SON SÖZ — LARNİ BİR ÖMRÜN SONU İDİ, DASTANIN YOX
Bu, Qaçaq Nəbi və Həcər xanım haqqında qələmə aldığım beşinci və sonuncu yazıdır. Burada silsiləyə nöqtə qoyuram, amma onların hekayəsinə yox. Çünki bu hekayəni mən başlamamışam — məndən çox-çox əvvəl xalq başlayıb.
Bir gün Aşağı Molludan Nəbi adlı bir oğlan çıxıb. Başında tac olmayıb, amma xalqın ürəyində taxt qazanıb. Yuxarı Molludan Həcər adlı bir qız onun taleyinə qoşulub — Nəbinin arxasında yox, yanında.
Birlikdə dağ, Araz, təqib, qorxu və ümid görüblər. Və bütün bunların içində bir-birlərini görüblər. Sonra xalq danışmağa başlayıb, nəğmə və dastan yaranıb. Ən qəribəsi isə budur ki, Nəbi bunlar baş verəndə hələ sağ idi.
Sonra Larni gəlib — 12 mart 1896-cı il. Nəbinin birinci ömrü orada bitib, amma ikinci ömrü həmin gün başlamayıb.
Çoxdan başlamışdı.
Ona görə Larni Nəbinin sonu olmadı.
Larni bir ömrün sonu idi, dastanın başlanğıcı yox.
İllər keçdi. Nəbini görən insanlar dünyadan getdilər, amma Nəbi getmədi. Nəğməyə, dastana, 1912-ci ilin yazılı yaddaşına, 1928-ci ildə İstanbulda elmi tədqiqatın adına, Şəhriyarın misrasına, Qubadlı və Zəngəzur toylarına, bir babanın nəvəsinə danışdığı xatirəyə, bir ailədə Həcər adına, “cüt göyərçinlərim” sözünə, Həcər Əkbərovanın qoruduğu yaddaşa, Arzu Kurbaninin sazının siminə keçdi.
El arasında “İgid ölər, adı qalar” deyiblər. Bu sözü yüz dəfə eşitmişik, amma bəzi insanların taleyinə baxanda mənasını yenidən anlayırsan. Nəbinin taleyində igid öldü, amma adı sadəcə qalmadı — böyüdü.
Birinci ömrünü zaman aldı.
İkinci ömrünü xalq verdi.
Birinci ömrün başlanğıcını və sonunu təqvimə yazmaq mümkündür. İkinci ömrün son günü yoxdur, çünki o ömür artıq bir insanın ömrü deyil — xalq yaddaşının ömrüdür.
Bəlkə əsl qəhrəmanlıq da budur: insan dünyadan gedəndən sonra başqalarının içində cəsarət qoyub getmək. Bəlkə əsl sevgi də budur: sevdiyinin yalnız əlindən yox, taleyindən tutmaq. Bəlkə əsl səltənət də budur: torpaqların deyil, insanların qəlbinin səltənəti.
Nəbinin tacı yox idi.
Amma xalqın ürəyində taxtı vardı.
Həcər də bir addım arxada qalmadı.
Yanında qaldı.
Ona görə yüz ildən artıq vaxt keçəndən sonra da xalq iki adı yanaşı çəkir: Nəbi və Həcər. İgidliklə məhəbbətin bir-birinə qarışdığı iki ad, iki insan, iki tale — bir dastan.
Mən burada nöqtə qoyuram.
Xalqın yaddaşı isə hələ nöqtə qoymayıb.
Çünki Nəbinin birinci ömrü Larnidə bitdi. İkinci ömrü isə həmin gün yox, çoxdan başlamışdı. Nə qədər ki, bu xalq öz yaddaşını, sazını, nəğməsini, Nəbi ilə Həcərin adını qoruyacaq, həmin ikinci ömür də yaşayacaq.
Birinci ömrünü zaman aldı. İkinci ömrünü xalq verdi. Xalqın öz igidinə verdiyi ömrün son tarixini isə heç bir təqvim yaza bilməz.








