Qarabağda iki gün: Şuşa və Laçın TV1-in gözü ilə - VİDEO
Qarabağa iki günlük səfərimiz çərçivəsində ilk günümüzə Şuşadan başladıq.
Şuşaya səfərimizə böyük qələbədən sonra salınan Zəfər yoluyla çıxdıq. Qəhrəmanlarımızın 44 günlük şanlı zəfərimizdə qələbəmizi taclandırdıqları qədim Şuşanı görməyə səbrsizlənirdim. Qarabağın ürəyi, mədəniyyətin beşiyi sayılan Şuşa təkcə bir şəhər deyil – o, yaddaşın, qürurun və dirçəlişin simvoludur. Sıldırım qayalar üzərində ucalan bu qədim məkan əsrlər boyu həm təbiətin möcüzəsini, həm də insan ruhunun gücünü özündə yaşadıb. XVIII əsrdə Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa qısa zamanda Qarabağın siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi. Burada doğulan sənətkarlar, şairlər, musiqiçilər Azərbaycan mədəniyyətinin incilərini yaratdı. Xurşidbanu Natəvanin incə lirizmi, Üzeyir Hacıbəylinin dahiyanə melodiyaları, Bülbülün bənzərsiz səsi bu şəhərin ruhundan süzülüb gəlirdi.
Şuşanın təbiəti isə sözlə ifadə olunmayacaq qədər gözəldir. Dumanlı dağlar, sərin bulaqlar, sanki göylə yerin qovuşduğu ucalıq… Cıdır düzündən açılan mənzərə insanı həm heyran edir, həm də düşündürür: bu torpaqlar nə qədər qədim, nə qədər əzizdir. Lakin tarix hər zaman yalnız sevincdən ibarət olmayıb. 1992-ci ildə Şuşanın işğalı xalqın yaddaşına dərin bir yara kimi həkk olundu. Bu şəhər illərlə həsrət qaldı öz sahiblərinə, küçələri səssizliyə büründü, abidələri susdu. Amma bu sükutun altında sönməyən bir ümid var idi. Nəhayət, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Şuşa azadlığına qovuşdu.
Bu qələbə təkcə hərbi uğur deyil, milli ruhun, birliyin və inamın zəfəri idi. Şuşanın azad edilməsi Azərbaycanın tarixində yeni bir səhifə açdı – bu, həm də ədalətin bərpası idi. Bu gün Şuşa yenidən dirçəlir. Bərpa və yenidənqurma işləri sürətlə davam edir, dağıdılmış abidələr yenidən həyat qazanır, küçələrə səs, nəfəs qayıdır. Şəhərdə inşa olunan D4 yaşayış massivinin ərazisində olduq. Binaların 2027-ci ilin 1-ci kavartalında təhvil verilməsi planlaşdırılır. 212 ailənin D4 yaşayış massivimdə, 254 ailənin isə D 3 yaşayış massivində 1-ci mərhələdə məskunlaşması nəzərdə tutulur.
Hər tikilən bina, hər bərpa olunan daş sanki deyir: “Biz buradayıq, biz qayıtmışıq.” Şuşada tarixlə mədəniyyət sadəcə qovuşmur – onlar əsrlərin yaddaşından süzülərək bir-birinə sarılır, daş küçələrdə addımlayan hər kəsə keçmişin nəfəsini, ruhun dərinliyindən gələn sənətin səsini pıçıldayır.
Çəkiliş qrupumuzun üz tutduğu növbəti məkan Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzi oldu. Mərkəz Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və 2023-cü il mayın 10-da istifadəyə verilib. Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtılə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Mərkəzdə “Heydər Əliyev və Qarabağ” sərgisi nümayiş olunur. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafında xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb.
Qeyd edək ki, 1969-cu ildən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Dahi şəxsiyyət mürəkkəb tarixi şəraitdə belə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu ildə Ağdam–Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağın digər rayonlarımızla təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsi baxımından Ulu Öndərin strateji addımı olmaqla yanaşı, həm də böyük tarixi xidməti idi. Yaradıcılıq Mərkəzində Şuşa sakini rəssam Zaur Mirzəyevin əsərləri ilə də tanış olduq. O, 1992-ci ildə şəhərini tərk etmək məcburiyytində qalıb. Zaur Mirzəyev artıq 2-ci ildir ki, doğma şəhərində fəaliyyət göstərir.
Sonra Şuşa sakini, istefada olan polis polkovniki Orduxan Kərimovun evində olduq. Döyüş xatirələrini, 1992-ci illərin ağır günlərini xatırlayan Orduxan Kərimov ailəsilə Şuşada yenidən qovuşduğu xoşbəxt günlərindən söz açdı.
Çəkiliş qrupumuzla şəhərin küçələrini gəzirdik. Şuşa sakinlərinin həyat tərzini müşahidə etdikcə insanın qəlbi fəxrlə döyünür. Bu hissləri şəhər sakinlərilə söhbətlərimizdə bir daha yaşadıq.
Nahar fasiləsində Şuşanın dadlı təamlarından dadmaq üçün Şuşa Qala restoranına üz tutduq. Şuşa qalasının gözəlliyinin mənzərəsində şəhərə gələn turistlərə qapılarını açan məkanda ən xırda detallarda belə hər şeyin qədim şəhərin naxışlarının əks olunduğunun şahidi olduq.
Sonra üz tutduq Bülbülün ev muzeyinə. Muzey Şuşanın mədəni ruhunu yaşadan dəyərli məkanlardan biridir. Bu ev Azərbaycanın görkəmli opera ifaçısı Bülbülün doğulub boya-başa çatdığı yerdir və onun sənət yolunun başlanğıc nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır.Muzeydə sənətkarın şəxsi əşyaları, səhnə fəaliyyətinə aid materiallar, fotoşəkillər və nadir sənədlər qorunub saxlanılır. Bu eksponatlar Bülbülün zəngin yaradıcılığını, Azərbaycan musiqisinin inkişafına verdiyi töhfələri əks etdirir. İşğal dövründə muzey dağıntılara məruz qalsa da, Şuşanın azad olunmasından sonra bərpa edilərək yenidən ziyarətçilərin üzünə açılıb. Bu gün Bülbülün ev muzeyi təkcə bir xatirə məkanı deyil – o, Azərbaycan musiqisinin keçmişini və gələcəyini birləşdirən canlı bir körpüdür. Bülbülün səsi sussa da, onun ruhu doğma evinin divarlarında əbədi səslənir.
Şuşa şəhərindəki Mehmandarovların malikanə kompleksi şəhərin memarlıq incisi kimi keçmişin zadəgan nəfəsini bu günə daşıyır – hər divarında tarix susaraq danışır, hər guşəsində bir dövrün izləri yaşayır.
Şuşada inşa olunan Yeni Şuşa məscidi şəhərin dirçəlişinin ən möhtəşəm simvollarından biridir. Bu məscidin təməli 2021-ci ildə qoyulub və tikintinin 2026-cı ildə tamamlanması planlaşdırılır. Məscid yalnız ibadət yeri deyil – o, azadlığın və zəfərin rəmzi kimi layihələndirilib. Memarlığında xüsusi simvolika var: bina forması 8 rəqəmini – Şuşanın azad edildiyi günü, iki minarə isə 11 rəqəmini – azadlığın qazanıldığı ayı ifadə edir. Minarələrin hündürlüyü 72 metr olacaq və bu da onu şəhərin ən möhtəşəm tikililərindən birinə çevirəcək. Layihə Azərbaycan və xarici memarların birgə işi kimi hazırlanıb, milli ornamentlər və müasir memarlıq üslubu burada vəhdət təşkil edir. Məscid həm dini mərkəz, həm də Şuşanın yeni memarlıq simvolu kimi nəzərdə tutulur. Şuşada yüksələn bu məscid sanki azadlığın daşlaşmış duasıdır – göylərə ucaldıqca xalqın qürurunu da özü ilə aparır.
İsa bulağı Şuşanın ən saf, ən ruhani guşələrindən biridir. Sıldırım qayaların qoynundan süzülüb gələn bu bulaq təkcə su mənbəyi deyil – o, yaddaşın, təmizliyin və həyatın simvoludur. Əsrlər boyu yolçular burada dayanıb nəfəs dərib, şairlər ilhamını bu sərinlikdən alıb, insanlar isə bu sudan içərək sanki torpağın özü ilə ünsiyyət qurublar. İsa bulağının suyu kristal kimi şəffaf, dadı isə dağların paklığını xatırladır. Bu bulaq həm də Şuşanın təbiətinin incə gözəlliyini əks etdirir – ətrafdakı yaşıl örtük, quş səsləri və dağ havası ilə birlikdə buranı bir sükunət məbədinə çevirir. İşğal illərində belə yaddaşlarda yaşayan İsa bulağı bu gün yenidən ziyarət olunur, yenidən həyat tapır. İsa bulağı – Şuşanın ürəyindən süzülən bir damla tarix, bir damla həyatdır.
Şuşa indi keçmişlə gələcəyin qovuşduğu məkandır. O, həm xatirədir, həm ümiddir. Hər daşında tarix danışır, hər küləyində azadlığın nəğməsi eşidilir. Bu şəhər bir daha sübut edir ki, zaman keçsə də, torpaq unutmaz, xalq isə heç vaxt vaz keçməz. Şuşa – bu ad artıq təkcə coğrafiya deyil, bir xalqın ruhunun ən uca zirvəsidir.
Qarabağa səfərimizin ikinci günü Laçına yola düşdük.
Səhər saatlarında Laçının yolları ilə irəlilədikcə təbiətin bənzərsiz gözəlliklərinə heyran olmamaq mümkün deyildi. Yolboyu bizi ağ örpəyə bürünmüş dağlar, yol kənarındakı al-əlvan çiçəklər, bulaqlar sanki salamlayırdı. Sıldırım qayaları, yaşıl meşələri, şəffaf bulaqları ilə Laçın sanki təbiətin ən gözəl əsərlərindən biridir. Bu diyarın havasında azadlıq, dağlarında qürur, çaylarında isə həyatın saf axarı duyulur. Uzun illərin həsrətindən sonra soydaşlarımızın Laçına qayıdışı sadəcə köç deyil, yaddaşın, köklərin və itirilmiş illərin geri qaytarılması idi. Boş qalmış evlər yenidən nəfəs aldı, həyətlərə uşaq səsləri, ocaqlara isə həyatın istiliyi qayıtdı.
Laçında ilk çəkilişimiz Zabux kəndində fəaliyyət göstərən uşaq bağçasında oldu. Körpələrin üzlərindəki sevinc otağa ayaq basdığımız andaca bizi ağuşuna aldı. Körpə səslərini, gülüşlərini Zabuxda duymaq, belə bir mənzərəyə şahid olmaq burada görmək istədiyim bəlkə də ən bəxtəvər səhnələrdən idi. Sonra isə tanış olduğumuz Zabuxun kiçik sakinləri ilə dialoqa başladıq. Fateh və Uğurun simasında körpələrin həyatı ilə maraqlandıq.
Körpələrlə sağollaşıb bağçadan ayrıldıq və növbəti çəkilişimizi etmək üçün üz tutduq Zabux kəndində fəaliyyət göstərən orta məktəbə. Məktəbdə ilkin olaraq 35 şagird təhsilə cəlb edilib. 176 şagird yerlik ikimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, gənclərin çağırışaqədərki hazırlığı və tibb otağı, kitabxana, idman, həmçinin 105 yerlik akt zalı, yeməkxana, bufet mövcuddur. Qeyd edək ki, Prezident İlham Əliyev 22 sentyabr 2022-ci ildə Laçın rayonu Zabux kənd tam orta məktəbinin binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sonra isə Zabux kəndində sakinlərlə görüşdük. Kənd sakini Fənar Qəmbərovanın evində qonaq olduq.
İşğal dönəmində Zabux kəndində bütün yaşıllıqlar, bağlar məhv edilib. Qayıdışdan sonra əhalinin həyətyanı ərazilərindən əlavə olaraq, yol kənarı və parklarda 2 minə yaxın ağac əkilib. Bu günədək Laçın şəhəri – Sus, Zabux və Bəylik kəndlərində 9079 ailənin – 3 665 nəfərin daimi məskunlaşması təmin edilib. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 217 ailə – 823 sakin köçürülüb. Sakinlərə rahat və tam təhlükəsiz yaşayış şəraiti qurulub. Qeyd edək ki, 1-ci Qarabağ müharibəsi dövründə Zabux kəndinin 2 sakini – Ədalət Məmmədov və Cəbrayıl Vəliyev qəhrəmancasına şəhid olublar.
Tarixən kənd əhalisinin əsas məşğulluq istiqamətləri əkinçilik, tütünçülük, arıçılıq, heyvandarlıq, baramaçılıq olub. Bu ənənələrin bir hissəsi bu gün də qorunur. Əhalinin məşğulluğunun təmin olunması əsas prioritet istiqamət kimi daim diqqətdə saxlanılır. Zabux kəndinin iqtisadi fəal əməkqabiliyyətli əhalisinin 300-yə yaxın sakininin məşğulluğu təmin edilib. Onların bir qismi üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. Bundan əlavə, 150-yə yaxın Zabux sakini ilə əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaqların güzəştli şərtlərlə icarəyə verilməsinə dair müqavilələr imzalanıb. Laçında mərhələli şəkildə yenidənqurma və bərpa işləri davam etdirilir. Qarıkaha yaşayış məntəsində 19 çoxmənzilli azmərtəbəli binaların tikintisi planlaşdırılır. Laçın şəhərində isə 236 fərdi mənzilin inşasına başlanılıb.
Sakinlərlə sağollaşıb kənddən ayrıldıq və nahar fasiləsi etmək üçün Həkəri çayının sahilinə doğru yola düşdük. Həkəri çayının sərinliyi və təbiətin bənzərsiz gözəlliyi yorğunluğumuzu aldı. Sonra növbəti çəkilişlərimizi etmək üçün Kanat Yolunun inşa olunduğu əraziyə getdik.
Laçın şəhərində inşa olunan Kanat Yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir. Prezident İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub. Kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir. Kanat yolunun uzunluğu 1720, hündürlüyü isə 300 metr olacaq. Kanat yolu ilə hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Yeni sistemdə 17 kabinə fəaliyyət göstərəcək və saatda 800 sərnişinin daşınması mümkün olacaq.
Sonra Laçında Seyrangah ərazisində olduq.Mənzərəni seyr etdikcə yenidən qurulan Laçının füsunkar təbiəti insanı valeh edir. Görülən işlərin həcmi isə Laçını qısa zamanda regionun inkişaf etmiş bölgələrindən birinə çevirəcək.
Növbəti çəkilişimiz isə Laçın şəhərində fəaliyyət göstərən Gilabi Yaradıcılıq Mərkəzində oldu. Orada fəaliyyət göstərən gənc rəssamın işləri ilə tanış olduq.
İlkin Bayandurov qeyd etdi ki, hazırda gənc rəssamların Mərkəzə cəlb olunması istiqamətində də işlər həyata keçirilir. Hədəfləri isə gənclərin yaradacağı əsərlərlə Laçının dünyaya tanıdılması istiqamətində addımlar atmaqdır. O bildirib ki, Mərkəzdə gənclərin hazırladığı əsərlər Almaniyaya və İsveçrəyə göndərilib. Özbəkistanda yaxın zamanda təşkil olunacaq sərgidə laçınlı gənc rəssamlar da iştirak edəcəklər.
Laçına səfərimizin sonunda üz tutduğumuz məkan “Zerti” Aqro-Sənaye parkı və Heyvandarlıq seleksiya mərkəzi oldu. Mərkəzdə aparılan işlərlə yaxından tanpış olduq.
Bununla da Qarabağa 2 günlük səfərimiz çərçivəsində Laçına səfərimizi başa vurduq. Laçın artıq yalnız xatirələrdə qalan bir həsrət deyil – o, yenidən dirçələn bir yurdun nəfəsidir. Bu torpaqlarda atılan hər addım, qayıdışın, qürurun və gələcəyə olan inamın səssiz, amma güclü sədasıdır. Laçın bu gün təkcə azad deyil, həm də bir millətin sarsılmaz ruhunun canlı sübutudur.
Mətanət Əliyeva








