Qazaxıstan ordusu Qəzza zolağında sülhü təmin edəcək - Tokayev
Qazaxıstan ordusu Qəzza zolağında sülhü təmin edəcək.
“TV1” xəbər verir ki, bu barədə razılıq Donald Trampın rəhbərliyi ilə Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasında əldə olunub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, beş ölkə Qəzzaya qoşun yeritməyə razılaşıb: Mərakeş, Albaniya, Kosovo, İndoneziya və Qazaxıstan.
İclasda iştirak edən prezident Kasım-Jomart Tokayev “hərbi birləşmələr, o cümlədən tibbi birliklər, habelə sülhməramlı müşahidəçilər göndərməklə Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə dəstək vermək” niyyətini təsdiqləyib.
Tokayevin sözlərinə görə, Astana həmçinin Qəzza zolağına maliyyə, ərzaq və digər humanitar yardımlar ayıracaq və dağılmış binaların bərpasında iştirak edəcək.
Tramp Sülh Şurası ölkələrinin Qəzza zolağı üçün 7 milyard dollar vəd etdiyini açıqlayıb. Bu barədə Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt razılaşıb. ABŞ bu məbləğə daha 10 milyard, BMT isə 2 milyard əlavə edəcək.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) da bu idman növü ilə bağlı layihələrə 75 milyon dollar ayıracaq.
Qeyd edək ki, Beynəlxalq Sabitləşdirici Qüvvə Qəzzada asayişi qorumalı, atəşkəsə nəzarət etməli və davamlı sülhü təşviq etməlidir. İndoneziya 5000-8000 əsgər göndərə biləcəyini bildirib. Digər ölkələrin neçə əsgər göndərəcəyi hələlik bəlli deyil. Bir çox Avropa dövlətləri, o cümlədən Fransa və Almaniya “Sülh Şurası”nın işində iştirakdan imtina edirlər.








