Qlobal alkoqol sənayesi 830 milyard dollar itirib
Hazırda dünyada spirtli içki şirkətləri böyük maliyyə itkiləri yaşayır.
“TV1” “Yenisafak” qəzetinə istinadən xəbər verir ki, son dörd ildə qlobal alkoqol sənayesi gənc nəslin (Z nəsli -red.) alkoqol istehlakını əhəmiyyətli dərəcədə azaltması və bəzilərinin isə ondan tamamilə imtina etməsi səbəbindən təqribən 830 milyard dollar itirib.
Bu, sənayedəki şirkətlərin bazar dəyərinin azalmasında və satışların azalmasında özünü göstərir.
Z nəsli təxminən 1995-2010-cu illər arasında doğulmuş insanlardır. Uşaqlıqdan onlar müasir rəqəmsal texnologiyalar, mobil rabitə, internet və sosial media ilə tanış olublar.
“Bloomberg”in araşdırmasına görə, bazarda spirtli içki satışı təxminən 46 faiz azalıb. Alkoqol istehlakı 2021-ci ildən durmadan azalır.
Bir tendensiya ondan ibarətdir ki, şirkətlər tələbatın azalmasına cavab olaraq hasilatı azaldır və hətta bəzi obyektləri bağlayır.
Araşdırmalar və hesabatlara görə, bu, həyat tərzinin dəyişməsi və gənclər arasında sağlamlıq məlumatlılığının yüksək səviyyəsi ilə əlaqələndirilir.
Qeyd olunur ki, indiki gənclər spirtli içkilərin stresi aradan qaldırmadığına, əksinə, narahatlığı artıra biləcəyinə əmindirlər, ona görə də onlar terapiya, yoqa və s. ilə məşğul olmağa üstünlük verirlər.
Gənclər həmçinin idman salonlarına və dəriyə qulluğa diqqət yetirərək fiziki hazırlığa üstünlük verirlər ki, bu da alkoqoldan çəkinməyə səbəb olur.
Dünyada spirtli içkilərin istehsalının artdığı bir dövrdə istehlakın azalması bu sahədə tərsmütənasiblikdən xəbər verir.








