Qripin geniş yayılması ilə bağlı - Rəsmi açıqlama

media-ads_728_90

“Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur”.

“TV1” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son günlər kəskin respirator infeksiyaların artması ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, dekabr-fevral ayları məhz fəsli qripin pik dövrü hesab olunur: “Bu infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər.

Nəzərə almaq lazımdır ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir.

Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır”.

media-ads_728_90
Paylaş