Rusiyanın nüfuzlu "Birinci Kanal"ı Heydər Əliyevə həsr olunan süjet yayımlayıb - VİDEO
Rusiyanın nüfuzlu “Birinci Kanal”ında Moskvada Ümummilli Lider Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi ilə bağlı keçirilən tədbirə həsr olunmuş süjet yayımlanıb.
“TV1” xəbər verir ki, süjetdə Moskvada ölkəmizin Rusiyadakı səfirliyinin yaxınlığındakı xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi ilə əlaqədar keçirilmiş tədbir geniş işıqlandırılıb.
Qeyd edək ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralı tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşları və başqaları iştirak ediblər.
Süjetdə vürğulanır ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və inkişafı üzrə Komissiyasının sədri vəzifəsini tutub və bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü təyin oldunduqdan sonra ulu öndər Heydər Əliyev əsrin nəhəng tikintisi Baykal-Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri oldu. 1984-cü ildə Siyasi Büronun üzvü Heydər Əliyev komissiya sədri kimi işlərin gedişi ilə əyani tanış olmaq üçün Baykal-Amur Magistralı marşrutu üzrə səfərə çıxdı. Bu həm də Baykal-Amur Magistralının tikintisi müddətində Siyasi Büro səviyyəsində ilk rəhbər şəxsin səfəri idi. Bu səbəbdən də bu səfər Baykal-Amur Magistralının tikintisində dönüş yaratdı. Heydər Əliyev qısa bir müddətdə BAM-ın coğrafi ərazisini mühüm sənaye bazasına, sosial-iqtisadi və mədəni mərkəzə çevirməyi bacardı. Ulu öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırıldı.
2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında istifadəyə verilən vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verildi. Tədbirdə Moskva, Bakı, Severebaykalsk, İrkutsk və digər şəhərlərdən yüksək səviyyəli qonaqların iştirakı Ulu Öndərin əziz xatirəsinə olan ehtiramın təzahürü idi. 1984-cü ildə Baykal-Amur Magistralı istifadəyə verildi. 2008-ci il iyulun 18-də azərbaycanlı inşaatçılar tərəfindən inşa olunmuş Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi, burada Ulu Öndərin xatirə lövhəsinin açılması onun xidmətlərinə olan böyük hörmət və ehtiramın göstəricisi oldu. Anqoya stansiyasına dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adının verilməsi belə tarixi hadisə çevrildi. Vağzala görkəmli siyasi xadim Heydər Əliyevin adının verilməsi, Şərqi Sibirdə onun xatirəsinin əbədiləşdirilməsi eyni zamanda BAM-ın xalqlarımız arasında dostluq rəmzinə çevrildiyini nümayiş etdirir. Baykal-Amur Magistralı layihəsinin reallaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri Azərbaycan və Rusiya xalqları tərəfindən heç zaman unudulmayacaq.
Qeyd edək ki, Moskva şəhərində indi Azərbaycan xalqının Ümummilli Liderinə abidənin ucaldılması Heydər Əliyevin Sovet İttifaqı qarşısında, Baykal-Amur magistral xəttinin tikintisində və inkişafında xidmətlərinə verilən qiymətin rəmzidir.