Şimali Koreyada Ukraynada döyüşlərdə həlak olmuş hərbçilərin ailələri üçün şəhərcik salınıb

media-ads_728_90

Rusiyanın qüvvələri ilə birlikdə Ukraynada döyüşlərdə həlak olmuş əsgərlərin ailələri üçün Pxenyanda yeni yaşayış məhəlləsinin tikintisi artıq başa çatdırılıb. Bu addım ölkə lideri Kim Çen Inın müharibədə həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı növbəti təşəbbüs kimi təqdim olunur. Pxenyan rəhbərliyinin göstərişi ilə həyata keçirilən bu layihə dövlətin hərbi qulluqçularının ailələrinə göstərdiyi xüsusi diqqətin rəmzi kimi təqdim olunur.

“TV1” BBC-yə istinadən xəbər verir ki, məlumata görə, müasir infrastrukturla təchiz ediləcək qəsəbədə mənzillər şəhid ailələrinə tam təmirli və ödənişsiz şəkildə veriləcək.

Layihə çərçivəsində məktəblər, uşaq bağçaları və tibb mərkəzlərinin tikintisi də nəzərdə tutulur. Şəhərciyin salınması Şimali Koreya ilə Rusiya arasında hərbi və strateji əməkdaşlığın dərinləşdiyi bir dövrə təsadüf edir. Yerli media təşəbbüsü “ölkə qarşısında xidmətləri olanların xatirəsinə ehtiram” kimi qiymətləndirir.

Dövlət mediasının yaydığı fotolarda Kim Çen Inın “Saeppyol” adlanan yeni küçədə gəzdiyi, həmçinin ictimaiyyət qarşısında daha tez-tez görünən və Kim Cu E olduğu ehtimal edilən qızı ilə birlikdə bəzi ailələrin evlərinə baş çəkdiyi əks olunub. O, “vətən uğrunda hər şeyini qurban vermiş gənc şəhidlərin” haqqının ödəniləcəyini bildirib.

Son aylarda Şimali Koreyada Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə iştirak edən hərbçiləri tərənnüm edən təbliğat kampaniyası gücləndirilib. Bu çərçivədə xatirə divarının yaradılması və muzeyin inşası kimi addımlar atılıb. Analitiklər bunu daxili birliyin möhkəmləndirilməsi və mümkün ictimai narazılığın qarşısının alınması cəhdi kimi dəyərləndirirlər.

Məlumata əsasən, Kim Çen In son dövrlərdə minlərlə hərbçi və artilleriya qurğuları, raketlər də daxil olmaqla xeyli sayda hərbi texnika göndərərək Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibəyə dəstək verib. Tərəflər Vaşinqtonla yaşadıqları ayrı-ayrı qarşıdurmalar fonunda mövqelərini daha da yaxınlaşdırırlar.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, döyüşlərdə təxminən 6 000 şimali koreyalı hərbçi həlak olub və ya yaralanıb.

media-ads_728_90
Paylaş