Tailand-Kamboca sərhədində gərginlik pik həddə - Ölənlər və yaralılar var
Kamboca ordusunun hərbçiləri Tailandla sərhəd bölgəsində yenidən atəş açıblar.
“TV1” xəbər verir ki, bu barədə Tailand Ordusunun İkinci Hərbi Dairəsi bəyanat yayıb.
Qeyd olunub ki, Kamboca hərbi qüvvələrinin Çonq An Ma bölgəsində atəş açması vəziyyəti gərginləşdirib. Vurğulanıb ki, Kamboca ilə həmsərhəd ərazilərdə yerləşən Buriram, Surin, Sisaket və Ubon Raçathani əyalətlərindəki mülki əhalinin təxminən 70%-i təxliyə edilib.
“Mülki əhalinin 70%-i təxliyə edilib. 35600 nəfər müvəqqəti sığınacaqlarda qeydiyyata alınıb. Tailand Kral Hərbi Hava Qüvvələri Kamboca silahlı qüvvələrinin mövqelərinə zərbələr endirib. Əməliyyat Tailandın milli təhlükəsizliyinə, sərhəd sakinlərinin və Tailandın şəxsi heyətinə təhlükə yaradan Kamboca hərbi əməliyyatına cavab olaraq həyata keçirilib. Kamboca ağır silahları səfərbər edib” – deyə bəyanatda bildirilir.
“Plan Hin Pat Kon bölgəsində baş verən toqquşmalardan sonra Kamboca qoşunları maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib. Onların qüvvələri bütün sərhəd boyu döyüş hazırlığını artırıb”, – Tailand ordusunun məlumatında vurğulanıb.
Tailandın baş naziri Anuthin Çanvirakun Kamboca ilə sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar Banqkokdakı Hökumət Evində təhlükəsizlik rəsmilərinin fövqəladə iclasını çağırıb.
“The Nation” qəzetinin yazdığına görə, Tailandın baş naziri hərbi əməliyyatların bərpası və Kambocanın RM-70 və BM-21 çoxsaylı buraxılış raket sistemlərini Tailanda yaxın yerləşdirməsindən sonra Tailand-Kamboca sərhədinə planlaşdırılan səfərini ləğv edib.
Qeyd edək ki, son məlumatlara əsasən sərhəddə baş verən toqquşmalarda 1 Tailand əsgəri ölüb, 4-ü yaralanıb.








