Kanada Çinlə azad ticarət sazişi bağlamayacaq - Trampın təhdidlərindən sonra...
“Kanada Çinlə azad ticarət sazişi bağlamayacaq”.
“TV1” xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ottava ABŞ və Meksika ilə Üçtərəfli Saziş çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir və Pekinlə azad ticarət razılaşması əldə etmək niyyətində deyil:
“ABŞ və Meksika ilə Üçtərəfli Saziş çərçivəsində bizim tərəfdaşlarımıza əvvəlcədən xəbərdarlıq etmədən bazar iqtisadiyyatı olmayan ölkələrlə azad ticarət müqavilələri bağlamamaq öhdəliyimiz var. Çin və ya hər hansı digər qeyri-bazar iqtisadiyyatı ilə bağlı belə bir niyyətimiz yoxdur”.
Qeyd edək ki, Kanadanın baş naziri M.Karni Donald Trampın Pekinlə mümkün sövdələşməyə görə, ölkəyə 100 faizlik gömrük rüsumları tətbiq etməklə hədələməsindən sonra bəyanat verib. Bu qərar metaldan tutmuş avtomobillərə qədər Kanadanın əsas sənaye sahələrini vuracaq.








