Türkiyədə terror aktı törədənlərin birinin adı açıqlandı
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə sənayesi zavoduna hücumda iştirak edən iki terrorçudan birinin adını açıqlayıb.
“TV1” xəbər verir ki, nazirin sosial şəbəkədə yazdığına görə, PKK terror təşkilatının üzvü, “Rojger” ləqəbli Ali Örek terror aktında iştirak edib.
İkinci iştirakçı olan qadının isə şəxsiyyəti müəyyənləşdirilir.
“Terror hücumları bizi qarşıya qoyduğumuz məqsədlərdən vaz keçməyə məcbur etməyəcək”, – deyən A.Yerlikaya terror aktı qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal müəssisəsində oktyabrın 23-də terror aktı törədilib. Terror aktında 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Türkiyənin Səhiyyə Nazirliyi paytaxtda törədilən terror aktı nəticəsində yaralanan 22 nəfərdən 8-nin müalicədən sonra xəstəxanalardan buraxıldığını bildirib.