"Volkswagen" şirkətində kütləvi ixtisarlar başlanılır
“Volkswagen” (VW ) şirkəti direktorlar şurası xərclərinin azaldılması planını açıqlayıb.
“TV1” xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “BİLD” nəşrinin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Almaniya iqtisadiyyatının nəhənglərindən olan bu avtomobil konserni ölkədəki on zavoddan ən azı üçünü bağlamağı və digər istehsalat müəssisələrində isə işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Bundan əlavə, şirkətin planlarına maaşların azaldılması və bəzi şöbələrin bütövlükdə xaricə autsorsinqə verilməsi daxildir.
Almaniyadakı VW zavodlarında təxminən 120 min insan çalışır ki, onların da yarısı Volfsburqdakı əsas zavodda işləyirlər.
İşçilər (həmkarlar) Şurasının sədri Daniela Kavallo rəhbərliyin qərarını şərh edərkən bildirib: “Bu, zavodların yerləşdiyi bölgələri iflic etmək və “Volkswagen”in on minlərlə əməkdaşını kütləvi işsizliyə göndərmək niyyətidir”.
“Volkswagen” şirkətində işində qalacaq əməkdaşların maaşları isə ən azı 18% azaldılacaq, mükafatlar və əlavə ödənişlər isə ləğv ediləcək.
Bəzi şərhçilər bu ixtisarları VW zavodlarında istehsalat prosesinin robotlaşması, əksər sahələrdə insan əməyinə ehtiyacın qalmaması və satışların azalması ilə izah edirlər.