Xəzər dənizi geri çəkilir - qədim meşə qalıqları üzə çıxıb
Son illərdə Xəzər dənizində suyun geri çəkilməsi Lənkəran rayonunda da sahil ərazilərdə quru sahələrin yaranmasına səbəb olub. Buna səbəb kimi bölgədə yağıntıların azalması, buxarlanmanın artması, habelə çay axınlarının zəifləməsi göstərilir. Bu proses təkcə Lənkəranda deyil, Xəzər hövzəsinin digər sahil zolaqlarında da müşahidə edilir.
“TV1” xəbər verir ki, dənizin suyunun azalması nəticəsində Lənkəran sahillərində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu müəyyənləşib.
Mütəxəssislər Xəzər dənizində suyun geri çəkilməsinin bir neçə səbəbinin olduğunu bildirirlər. Bu prosesin əsas amillərindən biri qlobal istiləşmənin yaratdığı intensiv buxarlanmanın artmasıdır.
Xəzər dənizinin tədricən geri çəkilməsi illərdir suyun altında qalmış qədim meşə qalıqlarını, köhnə tiklilərin bünövrələrini də üzə çıxarıb. Bir vaxtlar mövcud olmuş bu yaşıllıq zolağı illərlə Xəzər sularının altında qalmasına baxmayaraq, bioloji eroziyaya tam məruz qalmayıb.
Mütəxəssislər bildirirlər ki, Lənkəran ərazisi keçmişdə sıx və zəngin meşə örtüyünə sahib olub. Üzə çıxan bu cür qədim ağac qalıqlarının qorunması həm bölgənin tarixi təbiət irsinin öyrənilməsi, həm də gələcək nəsillər üçün ekoloji davamlılığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Buna görə də sahilboyu ekosistemlərin bərpası və mühafizəsi istiqamətində araşdırmaların və praktiki tədbirlərin gücləndirilməsi vacib sayılır.








