Yəməndə BƏƏ gəmiləri vurulub

media-ads_728_90

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Cənub Keçid Şurasının (CKŞ) qüvvələri tərəfindən Əl-Mukalla limanını ələ keçirdikdən sonra Yəmənin Hadramaut bölgəsində məhdud hərbi əməliyyata başladığını açıqlayıb.
“TV1” xəbər verir ki, koalisiyanın açqılamasına istinad edən Səudiyyə Ərəbistanının “SPA” agentliyi koalisiya qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Yəmənə gəlmiş iki gəmiyə zərbə endiriblər.

“Bu silahların təhlükəsizlik və sabitlik üçün yaratdığı təhlükə və eskalasiyanı nəzərə alaraq, bu səhər koalisiyanın hava qüvvələri Əl-Mukalla limanında iki gəmidən boşaldılan silah və döyüş maşınlarını məhv etmək məqsədilə məhdud hərbi əməliyyat keçirib”, – xəbərdə deyilir.

Zərbə nəticəsində ölənlərin olub-olmadığı hələlik bəlli deyil. Səudiyyəli hərbçilər bəyan edib ki, “mümkün ziyanının qarşısını almaq üçün” hücum gecə həyata keçirilib.

Məlumata əsasən, dekabrın 27-28-də Füceyrədən (BƏƏ-nin şərq sahilində yerləşən liman şəhəri) iki gəmi icazəsiz şəkildə Əl-Mukalla limanına daxil olub, izləmə sistemlərini söndürüb və Yəməndəki Cənub Keçid Şurası (CKŞ) qüvvələrinə dəstək vermək üçün çoxlu sayda silahı boşaldıblar. Bu hərəkətlər koalisiya tərəfindən BMT Təhlükəsizlik Şurasının (TŞ) “atəşkəs və qətnamələrinin pozulması” kimi qiymətləndirilib.

Eyni zamanda, koalisiya məhdud hərbi əməliyyat zamanı insanların təhlükəsizliyini təmin etmək üçün Əl-Mukalla limanı ərazisində mülki şəxslərin təxliyyə edilməsinə çağırıb.

Agentlik bildirir ki, BƏƏ hələlik zərbənin olduğun təsdiqləməyib. Əməliyyat Səudiyyə Ərəbistanı ilə BƏƏ tərəfindən dəstəklənən CKŞ arasında münasibətlərin yeni kəskinləşməsini göstərir. Bu, həmçinin Yəmənin İran tərəfindən dəstəklənən husilərə qarşı müharibəsində müxalif tərəfləri dəstəkləyən Ər-Riyad və Əbu-Dəbi arasında münasibətləri daha da gərginləşdirir.

Xatırladaq ki, Yəmən 2014-cü ildə başlayan vətəndaş müharibəsindən bəri böhran içindədir və bu, ölkənin faktiki olaraq bölünməsinə gətirib çıxarıb. 2025-ci ildən etibarən əraziyə nəzarət üç əsas güc arasında bölünür.

“Ənsar Allah” hərəkatı (husilər) əhalinin təxminən 70%-nin yaşadığı paytaxt Səna da daxil olmaqla qərb və şimal-qərb əyalətlərini əlində saxlayır. Cənub əraziləri paytaxtı Ədən liman şəhəri olan separatçı CKŞ tərəfindən idarə olunur.

Ölkənin qalan hissəsi həm CKŞ, həm də digər anti-husi qruplarının nümayəndələrinin daxil olduğu beynəlxalq səviyyədə tanınmış Prezident Rəhbərlik Şurasına bağlı qüvvələrin nəzarəti altındadır.

media-ads_728_90
Paylaş