15 Qərb ölkəsi Fələstin dövlətini tanımağa ÇAĞIRDI
Fransanın başçılıq etdiyi 15 Qərb ölkəsi birgə bəyanat yayaraq, müstəqil Fələstin dövlətini tanımağa çağırıb.
“TV1” xəbər verir ki, bəyanat Nyu-Yorkda Fələstin-İsrail münaqişəsi ilə bağlı keçirilən konfransın yekunları üzrə xarici işlər nazirləri tərəfindən imzalanıb.
Mətni Fransanın xarici işlər naziri Jan-Noel Barrot dərc edib.
Ötən həftə Fransa sentyabr ayında Fələstin dövlətini rəsmən tanımaq niyyətini elan edən ilk böyük Qərb dövləti oldu. Qərar İsrail və ABŞ-ın tənqidinə səbəb olsa da, bir sıra ölkələr bunu dəstəkləyib. Bundan bir gün əvvəl Britaniya hakimiyyəti də sentyabr ayında Fələstin dövlətinin tanınmasının mümkünlüyünü açıqlamışdı.
Finlandiya, İrlandiya, İspaniya, Portuqaliya, Lüksemburq, Sloveniya, Malta, Andorra, San Marino, Norveç, İslandiya, Avstraliya, Kanada və Yeni Zelandiyanın xarici işlər nazirləri tərəfindən imzalanan birgə bəyanatda HAMAS-ın hücumu pislənilir və girovların azad olunması tələb olunur. Eyni zamanda, müəlliflər İsrailin HAMAS-a qarşı əməliyyatını davam etdirdiyi Qəzza zolağında ağır humanitar vəziyyətə işarə edir və hərbi əməliyyatlara son qoymağa çağırırlar.
Onlar həmçinin qeyd edirlər ki, Fələstin Muxtariyyətinin hazırkı hakimiyyət orqanları seçkilərin keçirilməsi və gələcək Fələstin dövlətinin demilitarizasiyası da daxil olmaqla bir sıra öhdəliklər götürüblər.