8 avqust tarixin bir ili və yaxud diplomatik uğurun 365 günü

media-ads_728_90

Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-də Vaşinqtona etdiyi işgüzar səfər Azərbaycanın diplomatiya tarixinin ən əhəmiyyətli səhifələrindəndir.

Prezident Donald Trampın dəvəti ilə reallaşan bu səfər Azərbaycan – ABŞ münasibətlərinin yeni mərhələyə yüksəldilməsi və Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi və mühüm razılaşmaların əldə edilməsi ilə yadda qaldı. Vaşinqtonda Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması ilə bağlı atılan nəticəyönümlü addımlar, sülh sazişinin paraflanması, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin bu prosesə həm dəstək verməsi, həm də şahidlik etməsi Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı növbəti tarixi və diplomatik nəaliyyətdir.

Öz ərazi bütövlüyünü və dövlət suverenliyini təkbaşına bərpa edən Azərbaycan Prezidentinin qalib dövlətin lideri kimi Vaşinqtonda, Donald Tramp tərəfindən böyük hörmət və diqqətlə yüksək səviyyədə qarşılanması, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının təqdim olunması Prezident İlham Əliyevin qlobal səviyyədə ehtiram göstərilən siyasi lider olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq 2020-ci ildə 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması, sonrakı dövrdə Qarabağda erməni separatizminə son qoyulması, ərazilərimiz üzərində suverenliyimizin tam təmin edilməsi tariximizin qızıl səhifələridir. Bu həm də Cənubi Qafqazda tarixi ədalətin bərpa olunması, xalqların birgəyaşayışı sahəsində sülh faktorunun önəmə çıxması deməkdir. Sonrakı dövrdə sərhədlərdə delimitasiya işlərinin başlaması isə qarşılıqlı etimada söykənir.

Səfər çərçivəsində Prezident Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalanan Azərbaycan Respublikasının prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə böyük sülh manifesti kimi tarixə yazıldı. Bu sənəd regionda sülhün bərqərar olunması üçün vacib siyasi çərçivə olmaqla yanaşı həm də gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir.

Həmçinin sənəddə “Azərbaycan və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması mühüm dönüş nöqtəsi kimi öz əksini tapıb.

Xatırladım ki, sülhə gedən yol israrlı istiqamət kimi seçilib. Hələ 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüşmüşdülər.
Məntiqlə Vaşinqton görüşü bu diplomatik prosesin davamı və yeni səviyyəsi də sayıla bilər. Düzdür ,Əbu-Dabidəki beş saatlıq danışıqlara baxmayaraq, heç bir sənəd imzalanmamışdı.

Bu gün Azərbaycan sülh sazişinin bağlanması üçün Ermənistanın konstitusiyasına dəyişiklik edilməsini tələb edir. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan maddələrin olmasından gedir.

Vaşinqton görüşü “regionda sülh, rifah və iqtisadi əməkdaşlığı təşviq etməyə yönəlmiş üçtərəfli təşəbbüs” idi və bu təşəbbüs Cənubi Qafqazda geosiyasi dəyişikliklərin başlanğıcıdır.
Birgə Bəyannamə həm də Ağ Evin rəhbəri üçün yeni diplomatik qələbədir. Sənədin imzalanması faktı prezident Donald Trampa Cənubi Qafqazda sülhməramlı kimi çıxış etmək imkanı verdi.

Dövlətimizin başçısının Prezident Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfəri təbii ki Azərbaycan – Amerika münasibətlərində yeni səhifə açdı və ikitərəfli münasibətləri üstün bir pilləyə qaldırdı . Həmçinin ölkələrimiz arasında strateji tərafdaşlığın təməli qoyuldu.
Bizim üçün bu, tarixi nəaliyyətdir. Çünki starteji tərafdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulması Azərbaycan – üçün çox önəmli bir məsələdir.

Bütövlükdə Prezident İlham Əliyevin Vaşinqtona səfərinin yekunları Azərbaycan – ABŞ münasibətlərinin keyfiyyətcə yeni dövrə qədəm qoymasına xidmət etdi. Odur ki, səfərin nəticələri həm də Azərbaycanın xarici siyasətinin mühüm uğurlarıdır. Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı baxımından daha bir mühüm məsələ bu səfər zamanı Prezident D.Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə sərəncamın imzalanması oldu. Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu bir dövrdə – 1992-ci ildə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə uyduraraq Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Xüsusən Bayden administrasiyası 907-ci düzəlişdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi 907-ci düzəlişin tətbiqi də dayandırıldı.

Bütövlükdə 2025-ci ilin Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqlədi. Bu, həm də illərlə davam edən danışıqların real sənəd forması alması anlamındadır.

Azərbaycanın Zəfər diplomatiyasının yeni səhifəsi kimi qeyd olunan bu hadisə dövlətimizin və regionun gələcək inkişafına mühüm töhfə verəcək. Bu ugur ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və sabitliyin təmin edilməsində əsaslı rol oynayacaq.

Vaşinqton görüşündə diqqət çəkən unikal məsələlərdən biri də Azərbaycan liderinin alicənab hərəkəti idi. Prezident İlham Əliyev qalib olmasına baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə məğlub düşmən kimi deyil, tərəfdaş kimi davrandı. Burada İlham Əliyevin alicənablığı hər addımda hiss olunurdu. Gələcək əməkdaşlığa hesablanmış bu davranış qiymətli bir jest kimi tarixə yazıldı.

Bir məqama da xüsusilə toxunmaq lazımdır. Sənəddə yer alan nəqliyyat əlaqələrinin açılması və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında “maneəsiz” əlaqələrin qurulması regionumuz üçün xüsusi əhəmiyyət daşıyır. “Tramp Rifah və Sülh Marşrutu” (TRIPP) layihəsi, təkcə siyasi simvol deyil, həm də iqtisadi-logistik perspektivləri ilə diqqət çəkir. ABŞ-ın burada tərəfdaş və investisiya mərkəzi kimi rolu, layihəyəyə geosiyasi dəyər qatır. Bizim Naxçıvanla quru yolumuzun bərpası, həm də bütün şərtlərimiz qəbul edən Ermənistan üçün beynəlxalq ticarət marşrutlarına çıxış imkanının genişlənməsi deməkdir. Vaşinqton sənədinə “Tramp yolu” ifadəsinin salınması ilə bu marşrut beynəlxalq diplomatik leksikona rəsmən daxil oldu.

Vaşinqton Bəyannaməsinin 5-ci bəndindəki “qisasçılıq cəhdlərinin tamamilə rədd edilməsi” müddəası tərəflərin gələcəkdə silahlı toqquşmalardan imtina niyyətini açıq şəkildə göstərir. Deməli münaqişə səhifəsi bağlanıb və yenidən açılmayacaq, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri təhrif edilməyəcək. Konkret desəm Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi. Müharibə yolu ilə bərpa edilən haqq-ədalətə siyasi müstəvidə də nöqtə qoyuldu.

Eyni zamanda, Vaşinqtonda imzalanan Birgə Bəyannamə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın siyasi ömrünü də, başa çatdırdı. 10 noyabr Bəyanatı müharibəni dayandırmaq üçün zəruri olsa da, onun maddələrinin icrasında ciddi boşluqlar qalmışdı. Vaşinqton sənədi isə yeni reallıqlar fonunda Azərbaycanın bütün tələblərini əks etdirərək prosesə nöqtə qoydu. Hamıya aydın oldu ki, Azərbaycanın mövqeyi dəyişməzdir: ədalətli sülh, bərabərhüquqlu münasibətlər və qarşılıqlı hörmət! Bu niyyət həm də xalqların illərlə gözlədiyi ümidin təcəssümüdür.

2025 -ci ilin Vaşinqton görüşü yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə dünya siyasəti üçün yeni mərhələnin başlanğıcını qoydu. ABŞ, Avropa İttifaqı və region ölkələrinin razılığı ilə formalaşan bu yeni reallıq, Azərbaycanın diplomatik gücünün əyani təsdiqidir. Mahiyyətinə varanda bu, kiçik bir dövlətin böyük güclər masasında öz maraqlarını qorumaq bacarığının parlaq nümunəsidir.

Vaşinqton Bəyannaməsi Cənubi Qafqaz üçün yalnız diplomatik sənəd deyil, həm də siyasi yol xəritəsidir.

Onun uğuru, tərəflərin verdiyi öhdəliklərə sadiqliyindən, regional güclərin müəyyən təsirlərinə qarşı dura bilməsindən və beynəlxalq dəstəyin davamlılığından da asılıdır. Bu sənəd dövlətimizin diplomatik mövqeyinin gücünü və regional liderlik statusunu bir daha təsdiqləyir.

Bu dövrdə Azərbaycanın iki əsas şərtinin – Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun ləğv edilməsi faktı gündəmdə olub. Danışıqlar xatirinə danışıqlar aparan ATƏT-in Minsk Qrupu artıq ləğv edilib. Yekun sülhə yeganə maneə Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsidir.
Bir il əvvəl ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir hadisə oldu.

Donald Trampın prezident seçilməsindən sonra Azərbaycanla ABŞ arasında münasibətlərin müsbətə doğru dəyişməsi yönündə yeni imkanlar açıldı. İki dövlətin liderləri arasında telefon danışığının, eləcə də məktublar mübadiləsinin baş tutması tənəzzül dövrü keçirən siyasi əlaqələrin qaydaya salınması üçün münbit zəminin və tarixi şəraitin formalaşmasından xəbər verdi.

Əvvəlki prezident- Bayden Administrasiyası dövründə ABŞ-ın Azərbaycana qeyri-müəyyən münasibəti, həmin dövrə kimi ikitərəfli münasibətlıərdə əldə olunmuş nəticələrə ciddi zərbə vurmuşdu. Sirr deyil ki, Bayden senator olanda belə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri idi. O, prezident seçildikdən sonra isə administrasiyasının regionla bağlı baxışı münaqişələr, qarşıdurmalar çərçivəsində qurulmuşdur.

Donald Tram Prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərə rəvac vermiş , Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə münasibətləırində məhz bu amili əsas götürmüşdür. Bayden administrasiyasından fərqli olaraq Preizdent Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş, Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini həyata keçirməyə başlamışdır.

Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri nəinki Azərbaycan-ABŞ münasibətlərindəki siyasi böhranı tamamilə aradan qaldırdı, hətta dövlətlərarası əlaqələrin strateji səviyyəyə yüksəldilməsi üçün yeni siyasi-iqtisadi imkanlar yaratdı.

Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasının özü böyük diplomatik qələbə oldu.

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köç prosesini milli təhlükəsizliyinin insan resursları əsasında gücləndirilməsini təmin edən amil kimi diqqətdə saxlayır.
Çünki milli təhlükəsizlik müdafiə qabiliyyəti ilə yanaşı, demoqrafik artımın, iqtisadi inkişafın və siyasi sabitliyin bərqərar olması deməkdir. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurda aparılmış işlərdə də özünü bariz şəkildə göstərir. Azad edilmiş ərazilərdə planlı məskunlaşdırma dinamikası bu gün uğurla icra olunur.
Regiona Böyük Qayıdış Azərbaycanın geosiyasi mövqeyinin gücləndirilməsinə, xarici investisiyaların cəlb edilməsinə və nəqliyyat-logistika layihələrinin o cümlədən Zəngəzur dəhlizi -TRIPP marşrutunun təhlükəsizliyinin beynəlxalq səviyyədə təminatına xidmət edir. Bizim loqistik marşrutlardan istifadə nəticəsində Ermənistana daşınan yüklərin maneəsiz hərəkəti, bu prosesdə böyük əhəmiyyət kəsb edir.Həmçinin Azərbaycan məhsullarının Ermənistana ixracı ilk növbədə qarşılıqlı etimad mühitinə xidmət edir.

Amma burda bir məqama xüsusi diqqət yetirmək lazımdır. Sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifi Azərbaycandır. Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, həmişə belə olmayıb. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları, müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra Ermənistanın revanşist planları bizim yaxşı yadımızdadır. Bunu unutmaq özü yanlışlıq olardı. Tarixini unudan xalq onu yenidən yaşamağa məhkumdur.

Görünən odur ki, 2023-cü ildə antiterror əməliyyatından sonra Paşinyanın reallıqları anlaması və sülhə məcbur edilməsi qaçılmaz fakta çevriləndə erməni cəmiyyətində əlacsızlıq anlayışı sülhpərvərliyə çevrildi.
Sirr deyil ki, Ermənistan heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb. Ancaq Ali baş Komandan İlham Əliyevin ardıcıl siyasəti, Azərbaycanın gücü Ermənistanı sülhə məcbur edib.
Burada bir tarixi faktı xatırlatmaq yerinə düşər. İkinci dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 18 il sonra- 1963-cü ildə təsdiqləndi.
Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra faktiki olaraq Ermənistanı sülhə məcbur etdi.

2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət başçımızın sülh prosesində də qələbəsidir. Odur ki, Azərbaycan qalib tərəf olmaqla yanaşı həm də sülhün müəllifidir.
Bu gün Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. ABŞ kimi dünyanın aparıcı dövlətlərindən biri ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin rəsmiləşdirilməsi Azərbaycanın artan siyasi çəkisinin, sözünün və mövqeyinin göstəricisidir. Orta Dəhliz və Transxəzər nəqliyyat layihələrinə verilən xüsusi önəm Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini bir daha ön plana çıxarır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz Şərqlə Qərbi birləşdirən etibarlı körpüyə çevrilib və bu xətt ABŞ tərəfindən də yüksək qiymətləndirilir.

TRIPP marşrutunun reallaşması Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz bağlantı strategiyasının beynəlxalq səviyyədə dəstək qazandığını göstərir.
Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. “Əsrin müqaviləsi”ndən başlayaraq Cənub Qaz Dəhlizinədək uzanan enerji strategiyası bu gün ölkəmizi Avropanın və regionun enerji təhlükəsizliyində açar ölkəyə çevirib.

İmzalanan Xartiyada süni intellekt, rəqəmsal infrastruktur və innovasiyalarla bağlı müddəalar göstərir ki, Prezident İlham Əliyev Azərbaycanın gələcəyini yalnız ənənəvi sahələrdə deyil, yüksək texnologiyalar və bilik iqtisadiyyatı üzərində qurur. Bu yanaşma ölkənin uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.

ABŞ ilə rəqəmsal sahədə əməkdaşlıq Azərbaycanın qlobal texnoloji proseslərdən kənarda qalmadığını, əksinə, bu proseslərin aktiv iştirakçısına çevrildiyini nümayiş etdirir. Bu da dövlət başçısının modern çağırışlara çevik və strateji cavab verməsinin göstəricisidir.

İnstitusional mexanizmlərin yaradılması və işçi qruplarının formalaşdırılması isə Prezident İlham Əliyevin siyasətinin yalnız bəyanatlarla məhdudlaşmadığını, konkret icra mexanizmlərinə əsaslandığını sübut edir. Bu, nəticəyə hesablanmış dövlət idarəçiliyinin nümunəsidir.

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası İlham Əliyevin uğurlu, düşünülmüş və milli maraqlara söykənən siyasətinin növbəti parlaq nəticəsidir. Bu sənəd Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir, ölkəmizin sabit, güclü və etibarlı tərəfdaş kimi rolunu bir daha təsdiqləyir.
İkitərəfli biznes mühitinin inkişafı və sərmayələrin təşviq edilməsi sahəsində əməkdaşlıq, həmçinin, uğurlu təcrübələrin paylaşılması və texniki yardım, ixtisaslı texnoloji işçi qüvvəsinin artımı istiqamətində tərəfdaşlığın gücləndirilməsi geniş imkanlar yaradır. Özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığının inkişaf etdirilməsi isə ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət-özəl tərəfdaşlığın genişlənməsinə əhəmiyyətli təsir göstərəcək.

Həmçinin bu fəaliyyət Azərbaycan iqtisadiyyatının qlobal bazarlara inteqrasiyası və dayanıqlı inkişafın təmin olunması istiqamətində görülmüş işlərin davamı olmaqla ölkəmizin beynəlxalq iqtisadiyyatda daha fəal iştirakının təmin edilməsinə və regiondakı mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

ABŞ Vitse-prezidenti Vensin bu ilin fevral ayında Bakıya tarixi səfəri zamanı Prezident Əliyevlə imzaladıqları Strateji Tərəfdaşlıq Xartiyasının əsas istiqamətlərindən biri də ikitərəfli iqtisadi münasibətlərimizi daha da gücləndirmək üçün mövcud olan çoxsaylı imkanları reallaşdırmaqdır.
Son illərdə Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Belə ki, ABŞ Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələrdən biri olmaqla 6-cı yerdə qərarlaşır və 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi ümumi dövriyyənin 3.15%-ni təşkil etməklə 1.6 milyard ABŞ dolları həcmində formalaşıb. Qeyd edək ki, bu rəqəm 2020-ci ildə cəmi 700 milyon dollar olub . Son 5 ildə ölkələr arasında ticarət dövriyyəsinin 2 dəfədən çox artıb.

Ticarət əlaqələrindəki bu irəliləyişlər Azərbaycanın ABŞ ilə əməkdaşlıqda yeni investisiya və inkişaf imkanlarını artırmaqla strateji tərəfdaşlığın növbəti mərhələsinə qədəm qoymasına zəmin yaradıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan–ABŞ İlk İqtisadi Dialoqu bu ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.
İqtisadi Dialoq ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli iqtisadi və kommersiya əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etmək məqsədilə hökumət qurumlarının, beynəlxalq maliyyə institutlarının və özəl sektor nümayəndələrini bir araya gətirib.

İlk sessiyada iştirakçılar Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu, Trans-Xəzər Ticarət Marşrutu, regional logistika imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün əlverişli biznes mühiti, eləcə də Azərbaycanın Avropa və Mərkəzi Asiya ilə genişlənən bağlantılarının ABŞ şirkətləri üçün yaratdığı imkanları müzakirə ediblər. Həmçinin süni intellekt və rəqəmsal infrastruktur sahəsində ABŞ-ın qabaqcıl texnoloji həlləri, məlumat mərkəzləri, süni intellekt tətbiqləri və texnologiya investisiyaları üçün əlverişli tənzimləyici çərçivələrin yaradılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra region çox böyük inkişaf yoluna qədəm qoyacaq. Təkcə region üçün deyil, Yaxın Şərq və Mərkəzi Asiya üçün, ümumilikdə isə bütün dünya üçün çox böyük perspektivlər açılacaq. Cənubi Qafqazla birlikdə Yaxın Şərq və Mərkəzi Asiya da inkişaf edəcək.

Göründüyü kimi tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan vətən müharibəsində yaratdığı reallıqların qlobal səviyyədə tanınmasına nail olur, regionda sülhü bərqərar edir. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” – deyən prezident İlham Əliyevin siyasi erudisiyası xarici siyasətdə Azərbaycanın milli maraqlarını uğurla təmin edir. Regiona yaranmış yeni status kvonun müəllifi İlham Əliyev həm də Cənubi Qafqaz regionuna öyük perspektivlər gətirmiş lider kimi qəbul edilir.

Faiq Hüsiyev Əməkdar jurnalist

media-ads_728_90
Paylaş