ABŞ səfirliyi Britaniyadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

media-ads_728_90

ABŞ-nin Londondakı səfirliyi Milad bayramı ərəfəsində Böyük Britaniyada olan Amerika vətəndaşlarına terror hücumları ehtimalı ilə bağlı təhlükəsizlik xəbərdarlığı yayıb.

“TV1” xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını diqqətli olmağa, ictimai yerlərdə ehtiyatlı davranmağa və diqqət çəkməməyə çağırıb.

Xəbərdarlıqda xüsusilə insanların kütləvi toplaşdığı festivallarda, bayram tədbirlərində və turistik məkanlarda təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi tövsiyə olunur. Bildirilir ki, təkbaşına fəaliyyət göstərən şəxslər tərəfindən turistik ərazilərdə əvvəlcədən xəbərdarlıq edilmədən hücumlar törədilə bilər.

Səfirlik, həmçinin ABŞ vətəndaşlarına nümayişlərdən və polisin genişmiqyaslı fəaliyyət göstərdiyi ərazilərdən uzaq durmağı, səyahət planları barədə ailə üzvlərini və yaxınlarını məlumatlandırmağı tövsiyə edib.

Xəbərdarlıqda son dövrlərdə Böyük Britaniya hava limanlarını hədəf alan və Avropada uçuşların pozulmasına səbəb olan saxta bomba hədələrinə də diqqət çəkilib. ABŞ səfirliyi bayram mövsümü yaxınlaşdıqca vətəndaşları ətrafda baş verən hadisələrə qarşı ayıq-sayıq olmağa və şəxsi təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb. Oxşar təhlükəsizlik xəbərdarlığı ABŞ-nin Berlindəki diplomatik nümayəndəliyi tərəfindən də yayımlanıb.

Qeyd edək ki, Böyük Britaniyada terror təhlükəsi səviyyəsi hazırda “ciddi” olaraq qiymətləndirilir. Bu isə terror hücumunun başvermə ehtimalının yüksək olduğunu göstərir.

media-ads_728_90
Paylaş