SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazasında yerləşən radara zərbə endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zərbə PUA-ları bu gün səhər saatlarında Bəhreyndəki Şeyx İsa aviabazasında ABŞ hərbçilərinə məxsus radiolokasiya sisteminə hücum edib.
“TV1” xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Bildirilib ki, hücum ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatlarının İranın hava məkanını davamlı şəkildə pozmasına cavab olaraq həyata keçirilib.
İran tərəfi bundan sonra da ölkənin hava məkanının pozulmasına və regiondakı hərbi bazalardan İrana qarşı düşmənçilik məqsədilə istifadə edilməsinə cavab veriləcəyini vurğulayıb.
Bəhreynin dövlət televiziyasının məlumatına görə, SEPAH tərəfindən PUA-larla hücum həyata keçirildikdən sonra Bəhreynin hava hücumundan müdafiə sistemləri işə düşüb və hücumun qarşısı alınıb.
Qeyd edək ki, İran daha əvvəl Hörmüz boğazı ərazisində ABŞ-a məxsus bir neçə MQ-1 və MQM-170 pilotsuz uçuş aparatının ələ keçirildiyini və yerə endirildiyini bildirmişdi.








