Əfqanıstanın beyin mərkəzi Azərbaycana gəlib
“Bu, Əfqanıstanın beyin mərkəzinin ölkəmizə ilk səfəridir. Bu gün keçirilən görüşdə həm ikitərəfli münasibətləri, həm də regionda mövcud vəziyyəti müzakirə edəcəyik”.
“TV1” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Əfqanıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi (CSS) ilə birgə təşkil olunan “Trans-Avrasiya Tranzit və Ticarət Marşrutlarının Strateji Yaxınlaşması: Əlaqəlilik və Davamlı İnkişaf” mövzusunda dəyirmi masada bildirib.
F. Şəfiyev qeyd etdi ki, hazırda, xüsusilə Xəzər regionunda mürəkkəb geosiyasi şərait mövcuddur.
“Azərbaycan hər zaman dövlətlərin suverenliyini, müstəqilliyini və müstəqil qərarlar qəbul etmək hüququnu dəstəkləyib. Əfqanıstanın da müstəqil qərarvermə və konstruktiv regional əməkdaşlığın təşviqi istiqamətində səylərdə mühüm rol oynadığını hesab edirik.
Azərbaycan və Əfqanıstan arasında münasibətlər dərin tarixi köklərə malikdir. Bu gün iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də üçüncü ölkələrin yanaşmalarından asılı olmayaraq, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti müzakirə olunacaq.
Azərbaycan artıq əfqanıstanlı tələbələr üçün təqaüd proqramları da daxil olmaqla, bir sıra təşəbbüslər həyata keçirib. Bu təşəbbüslər təhsil və insan kapitalının inkişafı vasitəsilə Əfqanıstanın tərəqqisinə töhfə vermək istəyimizin göstəricisidir.
Bu yaxınlarda Mərkəzi Asiyanın bir sıra ölkələrinə səfər etmişəm. Səfər zamanı Əfqanıstanla ticarət əlaqələrinin inkişafına, eləcə də Mərkəzi Asiya ilə Əfqanıstan arasında nəqliyyat və kommunikasiya bağlantılarının gücləndirilməsinə artan marağın şahidi oldum.
Mövcud geosiyasi qeyri-sabitlik şəraitində regional əməkdaşlığa və dialoqa töhfə verən hər bir təşəbbüs və layihə xüsusi əhəmiyyət daşıyır. Ümid edirik ki, bu istiqamətdə həyata keçirilən səylər yaxın gələcəkdə konkret nəticələr verəcək.
BMTMM ilə CSS arasında əməkdaşlıq bu istiqamətdə atılan mühüm ilk addımdır. Ümid edirik ki, bu tərəfdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, ekspert icmaları arasında əlaqələrin genişlənməsinə və fikir mübadiləsinin inkişafına imkan yaradacaq.
Bugünkü görüş səmərəli və məzmunlu müzakirələr aparmaq baxımından mühüm əhəmiyyət daşıyır. Əməkdaşlığımızın davam etdiriləcəyinə və ekspert icmalarımız arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik, ”-deyə Fərid Şəfiyev əlavə edib.








