Bakıda II Süni İntellekt Zirvəsi keçirilib: 300-dən çox iştirakçı və qlobal texnologiya nəhəngləri bir araya gəlib - FOTO

media-ads_728_90

“The Ritz-Carlton Baku” otelində ölkənin innovasiya və texnologiya sahəsində ən nüfuzlu tədbirlərindən biri olan II Süni İntellekt Zirvəsi (AI Summit 2026) baş tutub. “Arter”, “Facemark”, “Handex” və “Human Development Center” (HDC) şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən zirvənin baş sponsoru “Logo Group”, gold sponsoru “TIMES Consulting”, strateji tərəfdaşları isə İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “MegaSec” olub.

“TV1” xəbər verir ki, dövlət və özəl sektor nümayəndələri, qlobal şirkət rəhbərləri, süni intellekt mütəxəssisləri və sahibkarlar da daxil olmaqla 300-dən çox iştirakçını birləşdirən tədbirdə “AI Playground” və “Connection Hub” platformaları vasitəsilə yeni texnoloji həllər sınaqdan keçirilib və işgüzar əməkdaşlıqlar qurulub.

Açılış mərasimində “Facemark”ın həmtəsisçisi Rafiq Hunaltay süni intellektin biznesə inteqrasiyasının strateji əhəmiyyətindən danışıb. Açılış bölməsində Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri Vladimir Norov regional əməkdaşlıq perspektivlərini, AKTA-nın icraçı direktoru Rauf Cabarov və “Cyberpoint” şirkətinin direktoru Dr. Elvin Balacanov isə kibertəhlükəsizlik və rəqəmsal hüquqi tənzimləmələri müzakirə ediblər. Ardınca “Logo Group”un CTO-su İsmail Duran və “MegaSec”in direktoru Qabil Qasımov əsas məruzəçi (“Keynote”) qismində texnoloji trendləri təhlil ediblər.

Zirvə çərçivəsində iki əsas panel müzakirəsi təşkil olunub. “Azerconnect Group”un Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədlinin moderatorluğu ilə keçirilən “Süni İntellektin gələcəyi” adlı birinci paneldə “Microsoft”un Principal Cloud Advocate-i Lee Stott, “Prodware”-in süni intellekt və avtomatlaşdırma üzrə arxitektoru David Lorenzo López və “SHI International Corp”un Digital Workplace və AI Solutions üzrə meneceri Rəfsan Hüseynov qlobal trendləri, beynəlxalq təcrübəni və süni intellekt arxitekturasının inkişaf istiqamətlərini dəyərləndiriblər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün idarə etdiyi Davos formatlı “İnsan və Süni İntellekt” sessiyasında isə bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADNSU-nun rektoru professor Rüfət Əzizov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil layihələri üzrə direktoru İnarə Vəliyeva və “Nextool.ai”ın baş direktoru Cəfər Nəcəfov texnoloji transformasiyanın əmək bazarına və təhsil ekosisteminə təsirlərini təhlil ediblər.

Plenar iclaslarla yanaşı, “Şuşa”, “Ağdam”, “Füzuli”, “Qubadlı”, “Tərtər” və “Laçın” zallarında “Microsoft”, “Azercell Telekom”, “Azerconnect Group”, “Logo Business Solutions”, “Lambda Labs”, “Start IT”, “AIWorks”, “Code Academy”, “Handex”, “Spark AI Technologies”, “Arter”, “Hazar Human Capital Studio” və Xəzər Universitetinin mütəxəssisləri tərəfindən 11 praktiki masterklas və ixtisaslaşmış sessiya keçirilib.

Tədbirin sonunda ən çox xal toplayan iştirakçılar mükafatlandırılıb, spikerlərə plaketlər təqdim olunub və intellektual “Kahoot” yarışının final raundu ilə zirvəyə yekun vurulub.

media-ads_728_90
Paylaş