Ağdərədə “Riverside Hotel”in açılışı münasibətilə infotur keçirilib - FOTO
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının dəstəyi ilə 23–24 sentyabr tarixlərində işğaldan azad olunmuş Ağdərə rayonuna infotur təşkil olunub.
“TV1” xəbər verir ki, tədbirdə turizm şirkətlərinin nümayəndələri, media mənsubları, influenser və bloqerlərdən ibarət 40-dan artıq qonaq iştirak edib. İnfotur proqramı “Riverside Hotel”in açılışı münasibətilə həyata keçirilib.
Ağdərənin zəngin turizm potensialı tədbir iştirakçılarına təqdim olunub. Xüsusilə Vəngli kəndi bölgənin gələcək turizm mərkəzlərindən biri kimi diqqətə çatdırılıb. İnfotur çərçivəsində keçirilən konfransda rayonun və kəndin turizm imkanlarını əks etdirən tanıtım videoçarx nümayiş olunub.
İştirakçılar bölgənin tarixi, mədəniyyəti, təbii gözəllikləri və turizm imkanları barədə ətraflı məlumatlandırılıb. Eyni zamanda, gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.
Müzakirələrin əsas mövzularından biri bölgəyə xas yeni turizm məhsullarının yaradılması, onların beynəlxalq və yerli platformalarda tanıdılması, eləcə də turizm şirkətləri şəbəkəsində satış və realizasiya imkanları olub.
Sonda iştirakçılara təşəkkür sertifikatları təqdim edilib və xatirə fotosu çəkilib.
Bu cür tədbirlər Ağdərənin ölkəmizin turizm xəritəsində layiqli yerini tutmasına mühüm töhfə verəcək.