Almaniyada Ukrayna vətəndaşına qarşı "Şimal Axını" boru kəmərlərinin partladılması ilə bağlı ittiham irəli sürülüb
Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Ukrayna vətəndaşına qarşı “Şimal Axını” boru kəmərlərinin partladılması ilə bağlı ittiham irəli sürülüb.
“TV1” xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Ukrayna vətəndaşı Sergey K. mülki enerji infrastrukturuna hücum etməkdə, partlayış təşkil etməkdə və tikililəri məhv etməkdə ittiham olunur. O, bu əməliyyatın əsas təşkilatçısı hesab olunur.
Məhkəmə prosesi Hamburq Ali Regional Məhkəməsində keçiriləcək.
İstintaq müəyyən edib ki, Sergey K. təxribat qrupuna rəhbərlik edib və 2022-ci ilin payızında hücumun həyata keçirildiyi iddia edilən yelkənli yaxta *Andromeda*-ya komandanlıq edib. O, 2025-ci il avqustun 21-də İtaliyanın Rimini əyalətində həbs edilib. Noyabr ayında Almaniyaya ekstradisiya edildikdən sonra ukraynalı vətəndaş barəsində həbs qətimkan tədbiri seçilib. Sergey K. hazırda Hamburqdakı istintaq təcridxanasındadır.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında baş vermiş partlayışlar nəticəsində qaz kəmərinin dörd xəttindən üçü məhv edilib və qaz nəqli dayandırılıb. Müstəntiqlər “Andromeda” yaxtasında hərbi təyinatlı partlayıcı maddələrin — RDX və HMX-in — izlərini aşkar ediblər. Ümumilikdə yeddi şübhəli müəyyən edilib. Onlardan biri sonradan Rusiyaya qarşı Ukraynanın müdafiə müharibəsi zamanı həlak olub.








