Azad edilmiş ərazilərdə 19 yaşayış məntəqəsinə köçlə bağlı iş aparılır
“III Milli Şəhərsalma Forumu regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinin tətəbiqinin və dayanıqlı inkişafın nümayişidir”.
“TV1” xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.
“Bu forum, eyni zamanda beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir. Bu sadəcə bir forum deyil, bu, azad edilmiş torpaqlarımızda yenidənqurmanın, bərpanın və inkişafın simvoludur. Xankəndi artıq Azərbaycanın gələcəyinin modeli kimi formalaşır, burada həyata keçirilən layihələr insan mərkəzli inkişaf və ekoloji tarazlıq prinsiplərinə əsaslanır”.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7 kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlı işlər aparılır. Artıq 22 mindən çox şəxs doğma torpaqlarda məskunlaşıb.
E.Yusubov çıxışında bölgəyə 65 milyon manatdan çox investisiya yatırıldığı, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıq şəxsin işlə təmin olunduğu barədə də məlumat verib.
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Xankəndidə keçirilən Forum beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır və Qarabağın gələcək inkişafına yeni impuls verəcək.
Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanın BMT-nin müvafiq ixtisaslaşmış agentliyi – UN-Habitat ilə birgə irəli sürdüyü təşəbbüs əsasında yaradılan bu platforma artıq ənənə halını alıb. Forum hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları, elmi dairələr, memarlar və mütəxəssislərin bir araya gələrək aktual şəhərsalma mövzularını müzakirə etməsi və həll yolları təqdim etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq forumun ilk iki toplantısı Ağdam və Zəngilanda keçirilib. Bu il isə tədbir həm Bakıda, həm də Xankəndidə keçirilir.